“Trump Latın Amerikası siyasətini sərtləşdirir” Dünya

“Trump Latın Amerikası siyasətini sərtləşdirir”

“Donald Trampın hakimiyyəti Latın Amerikası istiqamətində kifayət qədər ciddi addımlar atır. Xüsusilə narkotik kartellərinə qarşı savaş elan edilib. Artıq dəniz sularında Amerika hərbi qüvvələrinin bir neçə gəmiyə zərbələr endirdiyini müşahidə edirik və bu prosesin daha da genişlənməsi mümkündür.”

Bu fikirləri politoloq Sabir Məmmədli “xalqcebhesi.az”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu siyasətin arxasında təkcə narkoticarətinə qarşı mübarizə deyil, həm də Venesuela ilə siyasi hesablaşma dayanır: “Tramp administrasiyası Venesuela müxalifətini ciddi şəkildə dəstəkləyir. Son Nobel Sülh Mükafatının Venesuela nümayəndələrindən birinə verilməsi də təsadüfi deyil. Bu, Maduronun legitimliyinə zərbə vurmaq, onu siyasi təzyiq altında saxlamaq məqsədi daşıyır. ABŞ və Venesuela arasında son aylarda müəyyən məsləhətləşmələr, o cümlədən şirkət rəhbərləri səviyyəsində görüşlər keçirilib:
“Maraqlıdır ki, Maduro hakimiyyəti ABŞ neft şirkətlərinə Venesuela neftində böyük pay təklif edib. Yəni bu, bir növ nəzarətin paylaşılması cəhdi idi. Lakin Donald Tramp bununla razılaşmadı və açıq şəkildə bəyan etdi ki, Venesuelada hakimiyyət dəyişikliyi baş verməlidir.” Hazırkı vəziyyətdə müharibə riski hibrid xarakter daşıyır. Bugünkü münaqişələrdə klassik orduların qarşıdurmasından daha çox, kiçik silahlı qrupların dəstəklənməsi, siyasi və iqtisadi təzyiqlərlə rejimlərin çökdürülməsi cəhdləri önə çıxır. Tramp hakimiyyəti də məhz bu xətti davam etdirəcək – Venesuelaya qarşı hibrid hücumları gücləndirəcək”.

Politoloq sonda vurğulayıb ki, Maduro rejimi getdikcə daha ağır vəziyyətə düşür: “Əgər müxalifət qüvvələri birləşib ABŞ-ın dəstəyi ilə daha koordinasiyalı şəkildə hərəkətə başlasa, Maduronun hakimiyyətinin çox çətin günləri yaxınlaşır”.

Günel Elxan