ABŞ Kambocaya silah embarqosunu ləğv edib Dünya

ABŞ Kambocaya silah embarqosunu ləğv edib

ABŞ Kambocaya silah və hərbi texnika satışına qoyulan birtərəfli qadağanı ləğv etmək qərarına gəlib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

ABŞ hökumətinin məlumatına görə, bu addımın əsasını Kambocanın nümayiş etdirdiyi "sülh və təhlükəsizlik istiqamətində səylə irəliləyiş" təşkil edib. ABŞ Dövlət Departamenti “müdafiə sahəsində əməkdaşlıq və transmilli cinayətkarlıqla mübarizə” haqqında son ikitərəfli sazişləri Pnompen tərəfindən aparılmış bu kursun konkret təzahürləri kimi qiymətləndirib. Bu amilləri nəzərə alaraq, ABŞ dövlət katibi Marko Rubio “Kamboca ilə hərbi ticarətə qoyulan embarqonu ləğv etmək qərarına gəlib”, bildirişdə deyilir.

Qərarın noyabrın 7-dən qüvvəyə mindiyi vurğulanır. Sənədi ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Tomas DiNanno imzalayıb. Embarqo 2021-ci ilin dekabrında Co Baydenin başçılıq etdiyi ABŞ-ın əvvəlki administrasiyası tərəfindən tətbiq edilib.

Məryəm Quliyeva