“Qərb müharibənin uzanmasını istəyir” Dünya

“Qərb müharibənin uzanmasını istəyir”

“Qərb dövlətləri, xüsusilə Şərqi Avropa ölkələri, Ukraynanın bundan sonra da ən azı 3 il döyüşməsini istəyir. Bu, Ukrayna-Rusiya müharibəsinin davam etməsi fonunda Qərbin Rusiyaya qarşı mövqeyini möhkəmləndirmək məqsədini daşıyır”.

Bunu xalqcebhesi.az-a açıqlaması zamanı politoloq Samir Hümbətov söyləyib.

Onun fikirlərinə görə, əgər Ukrayna Rusiya qarşısında məğlub olsa, bu Qərb üçün arzu olunan vəziyyət deyil: “Əvvəllər hesab edilirdi ki, Rusiya dünyanın ikinci ən güclü ordusudur. Vladimir Putinin açıqlamalarında qeyd olunur ki, orada həmvətənlər – ruslar və slavyanlar yaşayır və buna görə də açıq müharibə aparılmır. Lakin faktlar göstərir ki, son 4 il ərzində Rusiyanın nəzərəçarpacaq uğuru yoxdur. Düzdür, Ukraynanın bəzi əraziləri işğal altındadır, təxminən 20 faiz, amma bu yalnız 2022-ci ildən deyil; Krım və Donetsk kimi ərazilər 2014-cü ildən işğal altındadır. Ona görə də Rusiyanın ciddi bir uğurunu görmürük”.
Politoloq əlavə edib ki, Polşa prezidentinin açıqlamaları real vəziyyəti tam əks etdirmir, lakin Rusiyanı da nəzərə almamaq olmaz. Rusiya əlində döyüş texnologiyaları ilə Polşadan üstün mövqedədir:
“Bu açıqlamalar bir növ Rusiyanı yeni müharibəyə təşviq edir. Psixoloji müharibə mahiyyətini daşıyır. Böyük ehtimalla Qərb, Rusiya-Ukrayna müharibəsinin davam etməsi fonunda həm də Rusiyanı təzyiq altında saxlamağa çalışır”.

Günel Elxan