14:10
847
“Budapeşt görüşünə Rusiya tərəfi hazırdır. Amma məsələ burasındadır ki, indiki vəziyyətə görə, ABŞ, Rusiya və Ukrayna arasında danışıqlar alınmır. Buna səbəb Ukrayna və Rusiya arasında bir-birinə kompromisə gedilməməsi və fikirlərin kifayət qədər diametral şəkildə fərqlənməsidir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Zaur Məmmədov söyləyib.
Politoloq diqqətə çatdırıb ki, belə olan təqdirdə ABŞ Prezidentinin okeanın o tayından Budapeştə gəlmə həvəsi yoxdur: “Çünki o, nəticəli görüş istəyir, nəticəsiz görüşü isə özü üçün vaxt itkisi sayır. Ukrayna Prezidentinin də ABŞ lideri ilə təmasları onu göstərdi ki, müəyyən məsələlər var ki, o məsələlərdə Ukrayna tərəfi öz prinsiplərindən kənara çıxmağa meyilli deyil. Bu kontekstdə yaxın vaxtlarda Rusiya və Ukrayna arasında ortaq məxrəcə gəlinməsi gözlənilmir. Görüşlərin keçirilməsi yalnız və yalnız ikitərəfli münasibətlərə, ABŞ və Rusiya münasibətlərindəki bu və ya digər məsələlərin müzakirəsi və ortaq məxrəcə gəlinməsi üçün əsas ola bilər. Amma Rusiya və Ukrayna arasındakı müharibənin dayandırılması yaxın aylarda gözlənilmir”.
Röya İsrafilova