ABŞ-nin sülh prosesinə qoşulması: proses nə vəd edir?
19 Noyabr 23:38

Ermənistanın siyasi səhnəsində son illərdə baş verən dəyişikliklər regionda diqqət çəkir. Baş nazir Nikol Paşinyanın cəsarətli və real siyasət addımları, uzun illər davam edən xarici təsir və radikal qrupların ölkə üzərindəki nüfuzuna qarşı atılan addımlar, həm Ermənistanın gələcəyi, həm də Azərbaycan və Türkiyə ilə münasibətlər baxımından yeni mərhələnin başlanğıcını göstərir. Ekspertlər hesab edir ki, 2026-cı il seçkiləri Ermənistanın tarixi dönüş nöqtəsi olacaq və Paşinyanın qalib gəlməsi bölgədə sülh və sabitliyin təminatı üçün həlledici rol oynayacaq.
Millət vəkilləri məsələ ilə bağlı “Xalq Cəbhəsi”nin suallarını cavablandırıb.
“Ermənistanda yeni siyasət dönəmi”
Millət vəkili Fazil Mustafa bildirib ki, Ermənistanın son 30 illik siyasi tarixində bəzi qüvvələr ölkənin maraqlarını deyil, xarici dövlətlərin maraqlarını ön plana çıxarıblar: “İstər Köçəryan, istərsə də Sarkisyan olsun, onlar bir-birini təkrarlayan və əvvəlki asılılıq modelini davam etdirən siyasətçilərdir. Bu qüvvələr Ermənistanın müstəqil siyasət yürütməsini əngəlləyiblər".
O qeyd edib ki, Nikol Paşinyanın bu yöndəki cəsarətli addımları erməni cəmiyyətində dəstək tapır: “Ermənistanın gələcəyi yalnız Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir. Paşinyan bu istiqamətdə addımlar atdı və görünür, cəmiyyətdə də ona dəstək var. Bu proses Ermənistan cəmiyyətinin xilası üçün yeganə yol ola bilər. Paşinyan mübarizəsini açıq aparacaq və əsas tezisi cəmiyyətə çatdıracaq.bu qüvvələr xarici ölkələrin pultu ilə idarə olunur və Ermənistanın maraqlarına uyğun fəaliyyət göstərmirlər".
Rusiya maneəsi və Ermənistanın taleyi
Milli Məclisin deputatı Anar İsgəndərov əlavə edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın son illərdəki siyasi davranışı regionda ciddi dəyişikliklərə səbəb olur: “O, hakimiyyətə gəldiyi dövrlərdə sərgilədiyi sərt anti-Azərbaycan mövqeyindən tədricən imtina edərək, Ermənistanın gələcəyini real siyasət üzərində qurmağa çalışır. Paşinyan Ermənistan tarixində radikal və əsassız iddiaları açıq şəkildə rədd edən ilk rəhbərdir. Paşinyan dənizdən dənizə Ermənistan kimi uydurma ideyalardan uzaqlaşmaqla yanaşı, 1915 hadisələri ilə bağlı maksimalist ritorikanı da yumşaltmağa başlayıb. 44 günlük Vətən müharibəsi isə bu siyasi dönüşü tam sürətləndirib.Paşinyan başa düşdü ki, qonşularla normal münasibətlər qurulmadığı halda Ermənistan blokadadan çıxmayacaq və ölkənin taleyi daim təhlükə altında qalacaq. Bu səbəbdən o, ilk dəfə olaraq region reallıqlarına uyğun siyasət yürüdür.
Paşinyanın qarşısında ən böyük maneə Rusiyanın Ermənistandakı təsiridir. Moskva İrəvanın sülhə və Qərbə yönəlməsini qəbul etmir və köhnə rəhbərlər-xüsusilə Robert Köçəryan-vasitəsilə öz təsirini bərpa etməyə çalışır".
Millət vəkilinin fikrincə, 2026-cı ildə keçiriləcək seçkilər Ermənistan üçün tarixi məqam olacaq: “Əgər Paşinyan seçkidə qalib gəlməzsə, Ermənistan yenidən keçmiş faşist ideologiyasına və əsassız ərazi iddialarına qayıda bilər. Bu isə bölgəyə ciddi təhlükə gətirər. Həmin seçkilərlə paralel keçiriləcək referendum da mühüm əhəmiyyət kəsb edir. Referendumda Ermənistanın dövlət rəmzlərindən yad və ekspansionist simvolların çıxarılması, Ağrı dağının Türkiyə ərazisi kimi tanınması, Azərbaycanın Qarabağ bölgəsinə dair iddiaların isə Konstitusiyadan tam silinməsi nəzərdə tutulur. Azərbaycan haqlı olaraq tələb edir ki, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı bütün iddialar ləğv edilsin. Bu addım olmadan real sülhdən danışmaq mümkün deyil. Azərbaycan hər zaman sülh və sabitlik tərəfdarı olub və heç vaxt başqa dövlətin torpağında gözü olmayıb. Lakin Ermənistan yaranandan bəri ardıcıl şəkildə Osmanlıya, Türkiyəyə və Azərbaycana qarşı iddiaçı mövqe sərgiləyib".
A.İsgəndərov sonda qeyd edib ki, Ermənistanın bu gün ən böyük problemi Rusiyanın hərbi-siyasi nəzarətidir: “Əgər Ermənistanın Türkiyə və İran sərhədlərini rus ordusu qoruyursa, bu ölkənin müstəqilliyindən danışmaq mümkün deyil. Ermənistan bu asılılıqdan qurtulmağa çalışır, amma son nəticənin necə olacağını demək çətindir. Paşinyanın 2026-cı ildə hakimiyyətdə qalması sülh sazişinin imzalanması və regionda yeni dövrün başlaması üçün əsas şərtdir".
“Paşinyan xarici təsirlərə qarşı gücünü sınayır”
Millət vəkili Hikmət Babaoğlu diqqətə çatdırıb ki, Ermənistan Baş naziri Nikol Paşinyanın son bəyanatları ölkədə gedən siyasi proseslərin mahiyyətini daha açıq şəkildə üzə çıxarır və Ermənistanın daxilində hansı təsir mərkəzlərinin mövcud olduğunu göstərir: “Paşinyanın son çıxışları Ermənistanın real siyasi reallığını çox dəqiq ifadə edir. Bu ölkə uzun illərdir müxtəlif xarici qüvvələrin nəzarəti altında idarə olunduğu üçün hazırda da ciddi təsir altındadır. Ermənistanda iki əsas yönlü xarici təsir xətti mövcuddur. Birincisi, Rusiya Federasiyasına bağlı radikal siyasi qruplar.
İkincisi, xristian təəssübkeşliyi üzərində formalaşan dini-siyasi mərkəzlər və icmalar. Bu iki təsir xətti Ermənistan dövlətçiliyi üçün açıq-aşkar təhdiddir və Paşinyanın səsləndirdiyi fikirlərdə bunun etirafı görünür. Ermənistanın siyasi müstəqilliyini təmin etməsinin yolu bu ölkədə də xarici agentlər haqqında qanunun qəbul edilməsindən keçir. Əgər Ermənistan parlamenti belə bir qanunu qəbul edib icrasını təmin edə bilsə, ölkədə sülh tərəfdarlarının sayı artar və real dövlətçilik formalaşa bilər”.
Hikmət Babaoğlu hesab edir ki, Paşinyan bu addımı atmağa cəsarət tapsa, növbəti mərhələdə planlaşdırılan referendum məsələsində də öz mövqeyini gücləndirə bilər: "Ermənistanda prosesləri pozan radikal qruplar əslində müharibə dövründə cinayət törətmiş, lakin hələ də cəzalandırılmamış hərbi cinayətkarlardır. Bu şəxslər mütləq məhkəmə qarşısına çıxmalıdırlar. Mən inanıram ki, hər iki əsas hərbi cinayətkar bir gün Azərbaycan məhkəməsi qarşısında cavab verəcək. Paşinyanın son açıqlamaları 2026-cı il seçkilərinə hazırlıq prosesinin tərkib hissəsi kimi dəyərləndirilə bilər və gözlənilməz hadisə baş vermədiyi halda, Baş nazir bu planları reallaşdırmağa kifayət qədər gücə malikdir".
Günel Elxan