
“İsrailin Hizbullahın Beyrutdakı mərkəzini bombalaması onu göstərir ki, real olaraq İsrail-Livan münasibətlərində 2023-cü ildən etibarən başlayan münaqişə zaman-zaman sakit bir məcraya keçsə də, amma kifayət qədər kövrək və həssas bir dönəmdən keçir. Tərəflər arasında xüsusilə də ABŞ-nin iştirakı ilə əldə olunmuş müəyyən razılaşmalar var idi. Bütün narazılıqların məhz danışıqlar yolu ilə həll olunmasına dair qərar verilsə də, bu bombalama da göstərir ki, əldə olunan sülh varsa belə o da kifayət qədər kövrək bir sülh olur. Yəni buna daha çox sülh yox, hətta müəyyən mənada bir atəşkəs də demək olar. Çünki masa üzərində real olaraq sülh sazişi yoxdur, Livanın İsrail ilə bağlı, İsrailin də Livanla bağlı, xüsusilə də Hizbullahın silahlanması ilə bağlı çox sərt tələbləri var”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov söyləyib.
Deputatın fikirlərinə görə, görünən odur ki, məhz elə həmin məqamlar üzərindən də zaman-zaman münaqişənin eskalasiyası baş verməkdə olur və biz də nəticə etibarilə hansısa aviazərbələrin endirildiyinin şahidiyik: “Düzdür, 2024-cü ildə baş verən hərbi münaqişə hər iki dövlətin mülkü şəxsləri və hərbçiləri arasında daha böyük təlafatlara və itkilərə səbəb olmuşdu. Amma istənilən halda indiki aviazərbələrin endirilməsi bir daha onu göstərir ki, konkret olaraq Hizbullahla bağlı İsrailin tələbi yerinə yetirilməmiş kimi görünür. Bu da İsrail üçün çox ciddi bir qartlanışa çevrilir və nəticə etibarilə də biz bu kimi zərbələrin endirildiyini görmüş oluruq. Düşünürəm ki, istənilən halda sülhün alternativi yoxdur və ya bu cür məsələlər danışıqlar yolu ilə həllini tapmalıdır. Bəlli məsələdir ki, hansısa radikal qruplaşmalar hər hansı bir proqram üzərində öz fəaliyyətlərini qururlarsa və bu proqramın içində də intensiv bir silahlama varsa və bu da ona görə baş verir ki, Livanın da İsrail ilə bağlı masa üzərində çox ciddi tələbləri var. Məhz bunu əsas götürüb silahlanma baş verirsə, bu o da deməkdir ki, eskalasiya qaçılmazdır və zaman-zaman biz münaqişənin çox qızğın fazaya keçdiyinin şahid ola bilərik”.
A.Allahverənov bildirib ki, Yaxın Şərqdə bəzi hallarda dayanıqlı sülh prosesinin təmin olunmasının olduqca çətin olduğunu da başa düşürük: “Lakin burada çox böyük güclərin və beynəlxalq münasibətlər sistemində nüfuz sahibi olan dövlətlərin də iştirakı, o cümlədən də BMT-nin Təhlükəsizlik Şurası və bütövlükdə BMT-nin özünün prosesə müdaxilə etməsi çox vacibdir. İndi BMT gələcəkdə bunun öhdəsindən nə dərəcədə gələ bilər, o başqa bir məsələ. Ancaq istənilən bir halda Yaxın Şərqdə dayanıqlı sülhün bərqərar olması olduqca çətindir. Mümkünsüz deyil, amma çətindir. Düşünürəm ki, dünyanın mütərəqqi qüvvələri bunu da nəzərə alaraq prosesə müdaxilə etməyə çalışacaqlar”.
Röya İsrafilova