“Müdafiə sənayesindəki inkişaf Türkiyənin yeni ixrac imkanlarını genişləndirir” Dünya

“Müdafiə sənayesindəki inkişaf Türkiyənin yeni ixrac imkanlarını genişləndirir”

“Türkiyənin müdafiə sənayesində son dövrlərdə müşahidə olunan sürətli irəliləyiş artıq regionun təhlükəsizlik mühitinə yeni çalarlar gətirib. Xüsusilə pilotsuz döyüş sistemlərinin inkişafı Ankaraya həm hərbi əməliyyatlarda manevr imkanları qazandırıb, həm də Türkiyənin bu sahədə qlobal oyunçular sırasına daxil olduğunu göstərib. “Kızılelma” layihəsinin sınaqlarında əldə edilən nəticə yalnız texniki uğur deyil, eyni zamanda, müdafiə sənayesinin gələcək istiqamətlərini müəyyən edən strateji yenilik kimi dəyərləndirilir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov bildirib.

Onun sözlərinə görə, bu nailiyyətlərin yaratdığı siyasi rezonans da diqqət çəkir: “Bir zamanlar Türkiyəyə qarşı tətbiq olunan məhdudiyyətlər fonunda ölkənin öz texnologiyasını inkişaf etdirərək ixrac səviyyəsinə çatması dünya siyasətində güc münasibətlərinin dəyişdiyini göstərir. Azərbaycan və digər türk dövlətləri ilə hərbi-texniki əməkdaşlığın genişlənməsi yeni təhlükəsizlik modelinin formalaşmasına zəmin yaratmaqla bərabər, bölgədə Ankara mərkəzli strateji sinerjinin gücləndiyini ortaya qoyur. Bu proses Türkiyənin həm regional böhranlarda vasitəçi kimi oynadığı rolu möhkəmləndirir, həm də onun siyasi çəkisini artırır”.

A.Nəsirov həmçinin deyib ki, iqtisadi müstəvidə də müdafiə sənayesindəki inkişaf Türkiyənin yeni ixrac imkanlarını genişləndirir: “”Baykar” kimi şirkətlərin Avropada və digər bazarlarda əldə etdiyi mövqe ölkənin yüksək texnologiya sahəsinə yönəlmiş potensialının artdığını göstərir. Müdafiə məhsullarının ixracı təkcə iqtisadi gəlir deyil, həm də siyasi nüfuz aləti kimi çıxış edir. Gələcəkdə həm Türkiyənin, həm də Türk Dövlətləri Təşkilatının bu texnoloji üstünlüklərdən daha geniş miqyasda yararlanacağı gözlənilir ki, bu da bölgədə güc balansının Ankara və müttəfiqləri lehində dəyişməsinə təkan verəcək”.

Röya İsrafilova