Siyasi zəmanətlər Ukraynanı qorumağa yetmir Dünya

Siyasi zəmanətlər Ukraynanı qorumağa yetmir

“Narahatlıqların əsas səbəbi təhlükəsizlik zəmanətlərinin real və səmərəli olmamasıdır”.

Bunu politoloq Yeganə Hacıyeva Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu zəmanətlər hüquqi və hərbi xarakter daşımır, mahiyyət etibarilə yalnız siyasi bəyanatlar səviyyəsində qalır: “Ən ciddi problem odur ki, bu zəmanətlərin icrasını təmin edən hər hansı məcburetmə mexanizmi mövcud deyil. Sənədlərdə dövlətlərin suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət öhdəliyi ifadə olunsa da, öhdəlik pozulacağı halda hansı konkret tədbirlərin görüləcəyi göstərilməyib.Avtomatik hərbi yardım, sanksiyaların tətbiqi və ya aqressor üçün hüquqi-siyasi məsuliyyət yaradan aydın maddələr mövcud deyil. Bu zəmanətlər yalnız niyyət və siyasi təminatlar xarakteri daşıyır. Təhlükəsizlik zəmanətlərinin iş mexanizmi müəyyən olunmayıb.Hansı dövlətin, hansı müddətdə, hansı vasitələrlə və hansı formada reaksiya verməli olduğu açıq şəkildə tənzimlənməyib. Bütün proses zəmanətçi dövlətlərin siyasi iradəsinə və situativ qərarlarına buraxılıb.Bu yanaşmanın praktik nəticələri artıq Ukrayna nümunəsində özünü göstərib.Budapeşt Memorandumu çərçivəsində Ukrayna nüvə silahından imtina etdi, lakin onun əvəzində etibarlı, institusional və məcburi təhlükəsizlik mexanizmləri təqdim olunmadı. Ölkə kollektiv müdafiə mexanizmləri olan hərbi alyanslara inteqrasiya olunmadı və real müdafiə təminatı əldə etmədi. Nəticədə Ukraynanın təhlükəsizliyi beynəlxalq aktorların siyasi iradəsinə və maraqlar balansına bağlı qaldı. Bu isə o deməkdir ki, açıq hərbi təcavüz zamanı avtomatik işə düşən müdafiə mexanizmləri, kollektiv cavab öhdəliyi və real çəkindirmə vasitələri mövcud deyildi. NATO-nun 5-ci maddəsindəki kimi məcburi kollektiv müdafiə öhdəliyi olmaması Ukraynanı strateji boşluqda saxladı və aqressor üçün riskləri azaltdı”.

Politoloq sonda bildirib: “Budapeşt Memorandumu çərçivəsində formalaşan təhlükəsizlik modeli effektiv deterrensiya yaratmadı və bir daha sübut etdi ki, yalnız siyasi zəmanətlər üzərində qurulan təhlükəsizlik arxitekturası real təhdidlər qarşısında dayanıqlı və etibarlı sayıla bilməz”.

Günel Elxan