17:17
749
“ABŞ-ın 29 səfirini geri çağırmaq qərarını Vaşinqtonun xarici siyasətində bir sıra strateji dəyişikliklərin açıq göstəricisi kimi qiymətləndirmək olar”.
Bunu AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov XalqCebhesi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu addım ABŞ-ın diplomatik fəaliyyətində mərkəzləşmiş nəzarətin gücləndiyini və prezidentin xarici siyasətə birbaşa müdaxilə meylini ortaya qoyur: “Geri çağırılan səfirlərin əksəriyyəti Co Bayden administrasiyası dövründə təyin olunmuş diplomatlar olub.Bu fakt onu göstərir ki, söhbət sadəcə inzibati dəyişiklikdən getmir. Burada əsas məqsəd strateji prioritetlərin yenidən formalaşdırılması və diplomatik xəttin Trampın xarici siyasət yanaşmasına uyğunlaşdırılmasıdır.
Səfirlərin geri çağırılması Afrika, Asiya və Cənubi Qafqaz regionlarına təsir baxımından da mühüm əhəmiyyət daşıyır.Afrikada ABŞ-ın enerji, təhlükəsizlik və ticarət sahələrində ciddi maraqları mövcuddur və diplomatik kadr dəyişiklikləri bu maraqların daha səmərəli şəkildə prioritetləşdirilməsinə xidmət edə bilər.Asiya regionunda, xüsusilə Çin və Koreya yarımadası kimi strateji əhəmiyyətli ərazilərdə səfirliklərin yenilənməsi ABŞ-ın gərgin geosiyasi mühitdə daha çevik hərəkət etməsinə imkan yaradır.Bu addımlar Vaşinqtonun regional proseslərə daha operativ reaksiya vermək niyyətindən xəbər verir. Bu regionda ABŞ üçün təhlükəsizlik, enerji və regional inteqrasiya məsələləri aktuallığını qoruyur.Azərbaycan və Ermənistanla münasibətlərdə balansın saxlanılması Vaşinqton üçün vacibdir. Səfir dəyişiklikləri ABŞ-ın regiondakı siyasətini daha koordinasiyalı və prezidentin prioritetlərinə uyğun şəkildə aparmasına şərait yaradır”.
Sonda politoloq bildirib ki, Tramp administrasiyasının 29 səfirin geri çağırılması ilə bağlı qərarı ABŞ xarici siyasətində mərkəzləşmiş, prioritetlərə fokuslanan və çevik yanaşmaya keçidin göstəricisidir:
“Bu addım Afrika, Asiya və Cənubi Qafqazda ABŞ-ın diplomatik strategiyasını yenidən qurmaq, resursları səmərəli bölmək və geosiyasi maraqlarını gücləndirmək məqsədi daşıyır”.
Günel Elxan