“İranın qabaqlayıcı zərbəsi yüksək ehtimal deyil” Dünya

“İranın qabaqlayıcı zərbəsi yüksək ehtimal deyil”

“İranın İsrailə qarşı qabaqlayıcı zərbə endirməsi nəzəri baxımdan mümkündür, lakin bu ssenari yüksək ehtimallı deyil”.

Bunu politoloq Elman Telmanoğlu “Xalqcəbhəsi.az”-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Tehran belə bir addımı yalnız İsrail tərəfindən özünə qarşı “qaçılmaz və genişmiqyaslı hücum təhlükəsi” gördüyü halda ata bilər: “İranın hərbi-siyasi doktrinası əsasən birbaşa deyil, dolayı zərbələrə əsaslanır. Tehran adətən İsrailə qarşı təzyiqi Livandakı Hizbullah, Yəməndəki husilər, eləcə də İraq və Suriya ərazisində fəaliyyət göstərən proksi qüvvələr vasitəsilə göstərir. Birbaşa İran ərazisindən İsrailə zərbə yalnız iki halda mümkündür. Əgər İran İsrailin yaxın vaxtlarda ona qarşı genişmiqyaslı hücuma başlayacağına qəti əmin olarsa və ya daxili və regional nüfuzunu qorumaq üçün zəif görünməmək məcburiyyəti hiss edərsə.
Bu baxımdan qabaqlayıcı hücum ehtimalı mövcud olsa da, belə bir addım ABŞ-ın münaqişəyə açıq şəkildə qoşulması riskini artırır.Bu isə İran üçün strateji fəlakət anlamına gələ bilər”.

Elman Telmanoğlu İsrailin narahatlıqlarının isə bir neçə əsas səbəbdən qaynaqlandığını bildirib. Onun fikrincə, əsas risklərdən biri səhv hesablanma ehtimalıdır:
“İsrailin İran obyektlərinə mümkün hücum planları Tehranda ‘qaçılmaz hücum’ kimi qəbul edilə və İranı tələsik preventiv addım atmağa sövq edə bilər.İsrail üçün daha ciddi təhlükə çoxcəbhəli müharibə ssenarisidir.
İranın təkbaşına hücumundan daha çox risk eyni vaxtda Livandan Hizbullah, Qəzzadan silahlı qruplar, eləcə də İraq və Yəməndən raket və dron hücumlarının başlamasıdır. Bu isə İsrailin müdafiə sistemlərini ciddi şəkildə yükləyə bilər.Qəzza müharibəsindən sonra region artıq kifayət qədər gərgindir və kiçik bir insident belə genişmiqyaslı regional müharibəyə çevrilə bilər.Rusiya İranla sıx siyasi və hərbi əlaqələrə malikdir və eyni zamanda İsraillə birbaşa dialoqu qoruyub saxlayan nadir aktorlardandır. Bu addım İsrailin ‘biz müharibə istəmirik’ mesajını dolayı yolla Tehrana ötürmək cəhdi kimi qiymətləndirilə bilər. Hazırkı mərhələdə tərəflər açıq müharibədən daha çox psixoloji və diplomatik savaş aparırlar.İsrailin əsas məqsədi İranı qabaqlayıcı addımdan çəkindirmək, İranın məqsədi isə deterrensiyanı qorumaqdır. Regionda barıt çoxdur, kibrit isə hər iki tərəfin əlindədir, amma hələlik heç kim onu yandırmağa tələsmir”.

Günel Elxan