“Solovyovun ritorikası real gücün nümayişi deyil” Dünya

“Solovyovun ritorikası real gücün nümayişi deyil”

“Vladimir Solovyovun son açıqlamaları Kremlin təbliğatının adi ritorikasından kənara çıxaraq daha dərin geosiyasi narahatlığın əlamətinə çevrilib. Onun “beynəlxalq hüquqa tüpürmək”, “başqa yerlərdə də xüsusi hərbi əməliyyat başlatmaq” kimi fikirləri Rusiyanın postsovet məkanında mövqelərini sürətlə itirdiyi bir mərhələdə səslənir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib.

O qeyd edib ki, İranla tərəfdaşlığın zəifləməsi, Ermənistanın Moskvadan uzaqlaşması, Mərkəzi Asiyanın isə Çin, ABŞ və Avropa ilə balanslaşdırılmış siyasət aparması Kremlin ənənəvi təsir alətlərini xeyli zəiflədib: “Bu fonda Solovyovun ritorikası real gücün nümayişi deyil, daha çox təsir itkisinə göstərilən emosional reaksiya təsiri bağışlayır. Propaganda dili ilə “yaxın xaric”i qorumaq çağırışları əslində Rusiyanın yeni regional düzənə uyğunlaşa bilməməsinin və köhnə imperiya xəyalından ayrılmaq istəməməsinin ifadəsidir”.

Z.Qarayevanın sözlərinə görə, Solovyovun həm Cənubi Qafqazı, həm də Mərkəzi Asiyanı açıq şəkildə hərbi müdaxilə ilə hədələməsi, Kremlin strateji prioritetlərini dəyişmək niyyətindən daha çox, artan təcridə qarşı psixoloji cavab kimi görünür: “Reallıqda Moskvanın Ukrayna müharibəsində uzunmüddətli ilişməsi, minlərlə kilometr uzaqda yeni cəbhələr açmaq imkanlarını minimuma endirib. Azərbaycan regionda müstəqil siyasət yürüdür və güc balansını özü müəyyən edir. Ermənistan Rusiya təhlükəsizlik sistemindən uzaqlaşır, Qazaxıstan və Özbəkistan kimi dövlətlər isə Kreml ritorikasından açıq şəkildə narahatdır. Bu yeni reallıqda Solovyovun dedikləri daha çox daxili auditoriyaya ünvanlanan “köhnə imperiya iradəsi” mesajıdır. Onun aqressiv çağırışları Rusiyanın artıq qaydaları müəyyən edən deyil, qaydaların dəyişdiyi masada öz yerini qorumağa çalışan bir aktora çevrildiyini göstərir”.

Röya İsrafilova