
İran Avropa İttifaqı ölkələrinin silahlı qüvvələrini İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı oxşar tədbirin cavabı olaraq terror təşkilatlarının siyahısına daxil etməsini "Əks Tədbirlər Qanunu"nun 7-ci bəndi ilə əsaslandırır. Əslində İran tərəfindən atılan bu addım cavab tədbirindən daha çox hadisələrin pik nöqtəsinə çatması üçün görülən “tədbirdir”.
Bunu xalqcebhesi.az-a politoloq Bakir Həsənbəyli deyib.
O, qeyd edib ki, hazırda hücum öncəsi İran tərəfi 12 günlük müharibədəki uğursuzluğunun səbəblərini aradan qaldırmaq, hadisələrin diplomatik çərçivədə həllinin konturlarını müəyyən etmək əvəzinə onsuz da kritik olan vəziyyətin daha tünd rənglə rənglənməsi istiqamətində addımlar atır:
"Halbuki ehtimal olunan hücum öncəsi İranın müxtəlif bölgələrində demək olar ki, eyni vaxtda baş verən bir sıra partlayışlar, ölkənin rəsmi şəxslərinin açıqlamalarına baxmayaraq, məişət xarakterli hadisələr zənciri yox, koordinasiyalı diversiyalar təsiri bağışlayır. İran hakimiyyəti isə heç bir tənqidə tab gətirmir. Bütün bunların öz-özünə baş verməsi ehtimalı isə demək olar ki, sıfırdır. Bu insidentlər regionda ABŞ-ın hərbi mövcudluğunun gücləndirilməsi ilə üst-üstə düşür".
Politoloq qeyd edib ki, ABŞ prezidenti Donald Tramp sürətli əməliyyat tələb edir, uzunmüddətli kampaniya ABŞ-ın da, maraqlarına cavab vermir. Tramp hərbçilərindən hər şeyin tez başa çatmasını tələb edəcək. İranla problemlərin həlli İraq və ya Əfqanıstandakı kimi olmayacaq:
"ABŞ İran üzərində elə bir qələbə elan etmək istəyir ki, nəticə parlaq görünsün. Bu məqsədlə Fars körfəzində artıq aviadaşıyıcı qrup yerləşdirilib. Və ikinci qrup da yoldadır. ABŞ paralel olaraq radiasiya izlərini qeydə ala bilən təyyarələri regiona göndərib ki, bu da İranın nüvə obyektlərinə marağın göstəricisidir. İrana mümkün zərbəyə hazırlıq fonunda regional konfiqurasiya da dəyişir. Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin üçtərəfli ittifaqı ilə bağlı məlumatlar gündəmdən çıxıb.
Səudiyyə Ərəbistanı Türkiyənin iştirakından imtina edib. Yalnız Pakistanla əməkdaşlıq etdiyini bəyan edib. İran ötən il baş vermiş 12 günlük müharibədən sonra çoxsəviyyəli komandanlıq əvəzləmə sistemi yaradıb. Artan gərginlik fonunda mümkün zərbənin hədəfləri ilə bağlı ziddiyyətli məlumatlar yayılır - ballistik raketlərin buraxılış qurğularından və anbarlarından tutmuş nüvə proqramı obyektlərinə qədər.
Prosesin uzanmasına səbəb kimi Vaşinqtonun İranın idarəetmə sistemini iflic edə biləcək sürətli və effektiv zərbə variantın tapılmamasıdır. Vəziyyət isə hər saat dəyişir. Hələlik biz yalnız hazırlıq mərhələsini, o, cümlədən həm İran daxilində, həm də onun hüdudlarından kənarda ictimai rəyin qızışdırlmasının şahidi oluruq".
Cavid