“5 milyard dollar vəsaitin ayrılması real görünür” Dünya

“5 milyard dollar vəsaitin ayrılması real görünür”

“Qəzza Sülh Şurası elan edilərkən təkcə Qəzza probleminin həll edilməsi ilə bağlı deyil, eyni zamanda, digər beynəlxalq məsələlərin həlli ilə, xüsusilə də münaqişə və müharibə şəraitində olan problemlərin həllində yaxından iştirak etmək məqsədilə yaradılmış bir qurumdur”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev söyləyib.

T.Əliyevin sözlərinə görə, bu baxımdan fevralın 19-da keçiriləcək tədbir də Sülh Şurasının ilk tədbiri olaraq nəzərdə tutulur: “Bu ilk tədbirdə də qurum üçün 5 milyard dollar vəsaitin üzv ölkələrdən ayrılması, əslində, məntiqə uyğun və qanuna uyğun bir prosesdir. Bu vəsaitin birbaşa Qəzzaya sərf olunacağına gəldikdə isə qənaətimə görə, bu, hələlik tezdir. Çünki bu günlərdə İsrail Baş naziri Netanyahunun açıqlamasına görə Qəzzadakı sülh prosesinin ikinci mərhələsinə keçid etməsi üçün ilk növbədə Qəzzada yerləşən HƏMAS silahlı qruplaşmasının tərk-silah edilməsi əsas şərtdir”.

O əlavə edib ki, bu, baş verməyənə qədər yəqin ki, biz Qəzza bölgəsində sülh quruculuğu prosesinin növbəti mərhələsinə keçidinin şahidi olmayacağıq: “Amma bununla belə yeni təsis olunan Sülh Şurasının ilk toplantısı olduğuna görə qurumun institusionallaşması və bütövlükdə Qəzza münaqişəsi başqa olmaqla digər problemlərdə aktiv iştirakı üçün qurumun fəaliyyətinin maliyyələşməsi baxımından 5 milyard dollar vəsaitin ayrılması real görünür və yəqin ki, bu baş verəcək”.

Röya İsrafilova