ABŞ-ın İsraildəki səfiri vətəndaşlara Misir vasitəsilə təxliyə olunmağı tövsiyə edib Dünya

ABŞ-ın İsraildəki səfiri vətəndaşlara Misir vasitəsilə təxliyə olunmağı tövsiyə edib

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi ölkədə olan amerikalılara təhlükəsizlik risklərinin artması səbəbindən Misir üzərindən quru yolu ilə təxliyə olunmağı, İordaniya vasitəsilə ölkədən çıxmamağı tövsiyə edib.

Xalqcebhesi.az xəbər verir ki, o, müvafiq paylaşımı X platformasında edib.

“Hazırda ən yaxşı variant İsrail Turizm Nazirliyinin avtobusları ilə Təbaya (Misir) getmək, oradan isə təyyarə ilə uçmaq və ya Qahirəyə yollanmaqdır. Hazırda İordaniya vasitəsilə çıxışı tövsiyə etmirəm”, – deyə Huckabee bildirib.

Səfir əlavə edib ki, hətta Ben Qurion hava limanı (Təl-Əviv) yenidən fəaliyyətini bərpa etsə belə, reyslərin sayı son dərəcə məhdud olacaq və ilk vaxtlarda uçuşlar yalnız İsrailin El Al aviaşirkəti tərəfindən həyata keçiriləcək.

ABŞ səfiri həmçinin qeyd edib ki, diplomatik nümayəndəlik hazırda vətəndaşların İsraildən tammiqyaslı təxliyəsini müstəqil şəkildə təşkil etmək imkanına malik deyil.