“Bu, Rusiya-Ukrayna müharibəsinin dinamikasına təsir göstərir” Dünya

“Bu, Rusiya-Ukrayna müharibəsinin dinamikasına təsir göstərir”

“İran ətrafında müharibənin genişlənməsi qlobal təhlükəsizlik gündəliyində prioritetlərin dəyişməsinə səbəb ola bilər və bu, birbaşa Rusiya-Ukrayna müharibəsinin dinamikasına təsir göstərir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov bildirib.

A.Nəsirov deyib ki, ABŞ və Qərb ölkələri Yaxın Şərqdə yeni hərbi eskalasiya ilə üzləşərsə, onların hərbi, maliyyə və diplomatik resurslarının bir hissəsi həmin regiona yönələ bilər: “Bu isə Ukraynaya ayrılan silah paketlərinin və siyasi diqqətin müəyyən qədər azalması riskini yaradır. Belə bir vəziyyətdə Moskva yaranmış strateji boşluqdan istifadə etməyə çalışaraq cəbhədə mövqelərini möhkəmləndirmək və müharibəni uzatmaq taktikasına üstünlük verə bilər. Digər tərəfdən, enerji bazarlarında qiymətlərin artması Rusiyanın enerji gəlirlərini yüksəldə və müharibəni maliyyələşdirmək imkanlarını genişləndirə bilər”

Onun qeyd etdiyinə görə, digər mühüm təsir diplomatik müstəvidə hiss oluna bilər: “Əgər beynəlxalq gündəlikdə Yaxın Şərq böhranı əsas mövzuya çevrilərsə, Ukrayna məsələsi qlobal siyasətdə nisbi olaraq ikinci plana keçə bilər. Bu isə sülh danışıqları və ya vasitəçilik təşəbbüslərinin tempini zəiflədə bilər”.

Siyasi şərhçi eləcə də bildirib ki, eyni zamanda, İranın Rusiyaya hərbi texnologiya və pilotsuz uçuş aparatları sahəsində verdiyi dəstəyin də müharibənin gedişinə təsiri qalır; regionda gərginliyin artması bu əməkdaşlığı ya çətinləşdirə, ya da əksinə daha gizli və intensiv formaya sala bilər: “Nəticədə İran müharibəsi Ukrayna cəbhəsində birbaşa hərbi dəyişiklik yaratmasa da, strateji balansı və beynəlxalq diqqətin bölgüsünü dəyişərək münaqişənin müddətinə və dinamikasına təsir göstərə bilər”.

Röya İsrafilova