"ABŞ–İran qarşıdurması yeni mərhələyə daxil olur” Dünya

"ABŞ–İran qarşıdurması yeni mərhələyə daxil olur”

“Yaxın Şərqdə baş verən son hadisələr göstərir ki, ABŞ–İran qarşıdurması hərbi və siyasi baxımdan yeni mərhələyə daxil olur. ABŞ tərəfi İranın hərbi infrastrukturuna ciddi zərbə endirildiyini və əməliyyatların yaxın günlərdə yekunlaşa biləcəyini bildirir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov söyləyib.

Siyasi şərhçi qeyd edib ki, bununla yanaşı, İran daxilində hakimiyyət strukturunun möhkəmləndirilməsi istiqamətində addımlar atılır və yeni ali dini lider ətrafında siyasi konsolidasiya görüntüsü yaradılır: “Bu, Tehranın həm daxili sabitliyi qorumağa, həm də regional müttəfiqlərinə “sistem hələ də işləkdir” mesajı verməyə çalışdığını göstərir”.

A.Nəsirovun bildirdiyinə görə, bundan başqa müharibənin formal olaraq başa çatması regionda geosiyasi qarşıdurmanın bitməsi demək deyil: “ABŞ və müttəfiqləri İranın hərbi potensialını uzun müddət zəiflətməyi hədəfləyir, Tehran isə strateji təsir rıçaqlarını qorumağa çalışır. Enerji bazarındakı dəyişikliklər və Hörmüz boğazı ətrafında səslənən mesajlar da göstərir ki, qarşıdurma yalnız hərbi müstəvidə deyil, həm də iqtisadi və siyasi sahədə davam edir. Buna görə də yaxın dövrdə gərginliyin azalması mümkün olsa da, regionda strateji rəqabətin davam edəcəyi ehtimalı yüksəkdir”.

Röya İsrafilova