15:44
728
“Əfqanıstan və Pakistan arasında qarşıdurma məncə uzunmüddətli olmayacaq. Çünki tərəflərin arasında tez-tez bu şəkildə toqquşmalar baş verir. Duran xətti, ümumiyyətlə, iki dövlətin arasında sərhəd xətti olmalı olan bir məsələdir. Amma Əfqanıstandakı Taliban rejimi bunu qəbul etmək istəmir. Eyni zamanda, bu taliblərin Pakistana qarşı da ideoloji bir savaşı var”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
Siyasi şərhçinin bildirdiyinə görə, nəzərə alaq ki, Taliban hərəkatı 90-cı illərin ortalarında məhz Əfqanıstanda yaranmış təşkilatdır: “Talibanın Pakistan qolu da var idi. Düzdür, Pakistan hökuməti bundan imtina edir və bildirir ki, Taliban Pakistanı özünə tabe deyil, daha çox Əl-Qaidə ilə münasibətləri var. Ancaq istənilən halda Əfqanıstandakı Taliban bunu qəbul etmir, bilir ki, daha çox Əl-Qaidə ilə əlaqələri var. Amma Pakistan hökuməti bunu qəbul etmək istəmir. Yəni Talibanın ideloji siyasətini qəbul etmək istəmir və onu öz ölkəsinə təhdid kimi görür”.
Z.Əmrəliyev qeyd edib ki, burada ikinci məsələ su yolları ilə bağlı məsələlərdir: “Məlum olduğu kimi bu bölgə çox ciddi quraqlıqdan əziyyət çəkir. Onsuz da Hindistan-Pakistan müharibələri səbəbindən Pakistanda ciddi şəkildə quraqlıq müşahidə olunur. Əfqanıstanda Taliban rejimi hakimiyyətə gəldikdən sonra əsas su mənbələrini Pakistana buraxmır. Daha çox həmin su mənbələrindən öz ərazilərinə istifadə edir və su mənbələrini ələ keçirmək üçün də tərəflər arasında çox ciddi müharibə var. Yəni bu əməliyyatlar lokal şəkildə davam edir. Lakin ümumi şəkildə həmin bölgədə yaxın gələcəkdə suyun uğrunda çox ciddi müharibə baş verə bilər. Çünki su məsələsi həmin bölgədə çox aktualdır və konkret şəkildə su qıtlığı yaşanır. Gələcəkdə bölgədə uzunmüddətli müharibə ola bilər, ancaq yaxın gələcəkdə gözlənilmir”.
Röya İsrafilova