10:49
679
Donald Trampın İrana qarşı son bəyanatları Vaşinqtonun sərt mövqeyini bir daha vurğulayır, lakin aydındır ki, hədələyici dilin Tehrana arzuolunan təsiri olmayacaq. İran hökuməti öz ideoloji mahiyyətini nəzərə alaraq belə ultimatumlar qarşısında güzəştə getməyə hazırlaşmır.
Bunu xalqcebhesi.az-a iranşünas Vasili Papava deyib.
O, qeyd edib ki, hərbi müdaxilə və ya məqsədyönlü zərbələr yalnız ölkənin infrastrukturunun dağılmasına və iqtisadi çöküşünə səbəb ola bilər, lakin bu, ayətullahlar rejiminin siyasi iradəsini sarsıtmayacaq.
Onun fikrincə, bu kontekstdə iki mümkün ssenari ortaya çıxır: ya Qərb Yaxın Şərqin, xüsusən də İranın regional xüsusiyyətlərini tam dərk edə bilmir, ya da əksinə – proseslər əvvəlcədən düşünülmüş plan üzrə inkişaf edir:
"Çox güman ki, İran bilərəkdən “suriyalılaşdırılır” və sözdə idarə olunan xaosa təhrik edilir. Lakin belə miqyasda sabitliyin pozulması böyük təhlükə yaradır, çünki 100 milyon əhalisi olan dövlətdə başlayan xaosu heç bir kənar qüvvə idarə edə bilməz.
Son nəticədə İran dövlətçiliyinin mümkün süqutu regional fəlakətə bərabər olardı. Ölməkdə olan Tehran istər-istəməz qisas almağa çalışacaq ki, bu da ilk növbədə Fars körfəzi monarxiyalarının təhlükəsizliyini təhdid edəcək. Bu proses bütün regionu qeyri-müəyyən və çətin geosiyasi burulğana sürükləyərdi".
Cavid