“Tərəflər qarşılıqlı kompromisə getməlidir” Dünya

“Tərəflər qarşılıqlı kompromisə getməlidir”

“ABŞ–İran qarşıdurmasının hərbi fazası yenidən aktivləşə bilər. Faktiki olaraq Pakistanın vasitəçiliyi ilə aprelin 11-də ABŞ və İran nümayəndələri arasında İslamabadda baş tutan danışıqların ilk raundu nəticəsiz qaldı. İranın xarici işlər naziri Abbas Arakçı ABŞ ilə müqavilənin niyə imzalanmadığını şərh edərkən dedi ki, İslamabad memorandumunun imzalanmasına az qalmış maksimalizm, şərtlərin daim dəyişməsi və amerikalı həmkarlarımızın sərtliyi ilə qarşılaşdıq. İstisna deyil ki, danışıqların nəticəsiz olmasının səbəbi ABŞ-nin maksimalist mövqeyidir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Turan Rzayev söyləyib.

Politoloqun sözlərinə görə, ABŞ təəssüf ki, prosesi daha qəliz hala gətirir: “Son olaraq Hörmüz boğazında İrana qarşı blokada qüvvəyə minib. Bu o deməkdir ki, bundan sonra İran limanlarına gedən və ya limanlardan çıxan bütün gəmilər ABŞ-nin hərbi blokadası ilə üzləşəcək. Vəziyyət kritik olaraq qalır. Lakin hələlik hərbi toqquşmalar yenidən başlamayıb. Bu, müsbət haldır. Digər müsbət hal isə danışıqların ikinci raundunun baş tutma ehtimalıdır”.

T.Rzayev əlavə edib ki, Pakistanın müdafiə naziri Xavaca Asif deyib ki, diplomatik səylər müsbət nəticələr verdiyindən İran və ABŞ arasında danışıqların növbəti raundu yaxın gələcəkdə keçiriləcək: “Bundan başqa, “Atlantik” nəşrinin yazarı Araş Əzizi də Vaşinqton və Tehran arasında danışıqların yeni mərhələsinin 16 apreldə İslamabadda keçiriləcəyini bildirmişdi. ABŞ İranla total müharibəyə girə bilməz. Bu, intihar olardı. Lakin Vaşinqton ambisiyalarından geri durmur. Danışıqların keçirilməsi müsbət hadisədir, lakin hər uğursuz raund prosesin gələcəyi baxımından mənfidir. Tərəflər qarşılıqlı kompromisə getməlidir. Əks təqdirdə, danışıqlar prosesi yarımçıq qalacaq və toqquşmalar yenidən başlayacaq. Bu, heç bir tərəfə sərf etməyən haldır”.

Röya İsrafilova