“Bu addım daha çox taktiki fasilə kimi qiymətləndirilə bilər” Dünya

“Bu addım daha çox taktiki fasilə kimi qiymətləndirilə bilər”

“ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsi qeyri-müəyyən müddətə uzatması qısa müddətdə gərginliyin azalmasına xidmət etsə də, bu addım daha çox taktiki fasilə kimi qiymətləndirilə bilər. Çünki tərəflər arasında əsas ziddiyyətlər – nüvə proqramı, regional təsir uğrunda rəqabət və təhlükəsizlik arxitekturası ilə bağlı fikir ayrılıqları – hələ də qalmaqdadır”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi ekspert Alim Nəsirov bildirib.

A.Nəsirov söyləyib ki, atəşkəsin uzadılması diplomatik kanalların açıq saxlanılması üçün imkan yaradır, lakin paralel olaraq hər iki tərəf öz mövqelərini gücləndirmək üçün siyasi və hərbi hazırlıqları davam etdirə bilər: “Bu isə prosesin sabit deyil, daha çox “idarə olunan gərginlik” mərhələsində qalacağını göstərir. Davamlı sülh perspektivi isə yalnız tərəflərin qarşılıqlı güzəştlərə getməyə hazır olduğu halda mümkün ola bilər ki, bu da hazırkı reallıqda çətin görünür”.

O əlavə edib ki, ABŞ üçün əsas prioritet İranın nüvə və regional fəaliyyətlərinin məhdudlaşdırılmasıdır, İran isə suverenlik və təhlükəsizlik arqumentlərini önə çəkir: “Bu ziddiyyətlər aradan qalxmadıqca, atəşkəs uzunmüddətli sülhə çevrilməkdə çətinlik çəkəcək. Daha real ssenari odur ki, tərəflər zaman-zaman gərginliyi artırıb-azaldaraq danışıqları davam etdirsinlər, yəni sülh deyil, idarə olunan balans vəziyyəti formalaşsın”.

Röya İsrafilova