“Atəşkəs hələ dönüş nöqtəsi deyil” Dünya

“Atəşkəs hələ dönüş nöqtəsi deyil”

“Rusiya və Ukrayna arasında elan olunan atəşkəs təşəbbüsü müharibənin gedişində müəyyən siqnallar versə də, bunu real dönüş nöqtəsi kimi qiymətləndirmək hələ tezdir”.

Bunu politoloq Şakir Ağayev “xalqcebhesi.az”a açıqlaması zamanı söyləyib.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın sabiq prezidenti Donald Trump ilə danışıqları zamanı 8-9 May – faşizm üzərində qələbənin qeyd olunduğu günlərdə Moskvada, Qızıl meydanda keçiriləcək tədbirlər fonunda atəşkəs təklifi ilə çıxış etmişdi: “Ukrayna Prezidenti Volodymyr Zelenskyy əvvəlcə bu təşəbbüsə müsbət yanaşmasa da, sonradan müəyyən beynəlxalq təzyiqlər və danışıqlar nəticəsində mövqeyində dəyişiklik edib.Zelenski əvvəlcə bu təklifi qəbul etmirdi, hətta parad zamanı Ukrayna PUA-larının Qızıl meydan üzərində uça biləcəyini də istisna etmirdi. Lakin daha sonra Avropa liderlərinin iştirakı və ABŞ-la aparılan danışıqlar fonunda 6 may gecəsindən etibarən atəşkəs elan olundu”.

Şakir Ağayevin fikrincə, bu addım daha çox siyasi və diplomatik manevr kimi qiymətləndirilməlidir:
“Əgər Ukrayna atəşkəsə razılaşmasaydı, Rusiya tərəfi onu beynəlxalq ictimaiyyət qarşısında ittiham edə bilərdi. Bu baxımdan Zelenskinin qərarı müəyyən qədər taktiki xarakter daşıyır”.

Ekspert vurğulayıb ki, hazırkı mərhələdə bu atəşkəsin müharibənin taleyində həlledici dönüş yaradacağı ehtimalı aşağıdır:
“Əlbəttə, bu cür addımlar müharibənin dayanması üçün ümid yaradır. Beş ilə yaxın davam edən münaqişə hər iki tərəf üçün ciddi insan itkiləri və iqtisadi-humanitar fəsadlar doğurub. Əgər bu proses real sülhə gətirib çıxarsa, bu, yalnız alqışlana bilər. Amma indiki şəraitdə bunun baş vermə ehtimalı çox aşağı görünür. Yaxın günlərdə, xüsusilə 9 May tədbirləri çərçivəsində veriləcək mesajlar vəziyyətin gələcək inkişafına müəyyən aydınlıq gətirə bilər. Rusiya rəsmilərinin, o cümlədən Dmitri Peskovun açıqlamalarına əsasən, Prezident Putinin 9 May çıxışı mühüm mesajlarla yadda qala bilər. Lakin bunun konkret hansı məzmun daşıyacağını əvvəlcədən demək çətindir. Hər halda, bu müharibənin bitməsi həm region, həm də dünya üçün, o cümlədən Azərbaycan üçün olduqca vacib olardı. Zaman hər şeyi göstərəcək”.

Günel Elxan