“İndiki mərhələdə bu, o qədər də inandırıcı görünmür” Dünya

“İndiki mərhələdə bu, o qədər də inandırıcı görünmür”

“İranın ali rəhbərliyini təmsil edən şəxslərin qaçma ehtimalı hələlik o qədər də inandırıcı görünmür. Çünki indiki mərhələdə proseslər daha çox nə hərb, nə sülh prinsipi üzrə davam edir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

E.Xalidbəyli söyləyib ki, tam məğlubiyyət təhlükəsi real olduğu təqdirdə böyük ehtimalla belə bir proses bəlkə də başlaya bilər: “Ancaq hələlik hadisələrin inkişaf istiqamətləri bunun əksini göstərir. Çünki ABŞ-dən verilən məlumata görə, İran Hörmüz boğazının blokadasına hələ uzun müddət davam gətirmək imkanındadır. Eyni zamanda, özünün raket ehtiyatlarının da 60-70 faizini qorumaq imkanlarına malikdir. Bu, amerikalıların gəldiyi qənaətdir”.

Politoloq diqqətə çatdırıb ki, indiki mərhələdə əsas mübahisə mövzusu ilk növbədə İranın zənginləşdirilmiş uran ehtiyatının bu ölkədən çıxarılması məsələsidir və bir də nüvə proqramının tamamilə ləğvi ilə bağlı mübahisələrdir: “Yəni bu iki məsələ üzərində kəskin ziddiyyətlər mövcuddur və danışıqlar da davam edir. Böyük ehtimalla bu barədə iddiaları yayan siyasi dairələr daha çox manipulyasiya etmək niyyəti ilə bunu edirlər. Yəni tamamilə istisna olunacaq bir variant da deyil. Ancaq indiki mərhələdə o qədər də inandırıcı görünmür”.

Röya İsrafilova