Beynəlxalq internet şəbəkəsi üçün risk: İrandan daha bir həmlə Dünya

Beynəlxalq internet şəbəkəsi üçün risk: İrandan daha bir həmlə

İran Hörmüz boğazının dibi ilə keçən beynəlxalq internet kabellərinə nəzarət etməyə və onların istifadəsinə görə ödəniş tələb etməyə hazırlaşır. Bu tələblər yerinə yetirilməsə qlobal internet trafikinin mühüm hissəsini daşıyan kommunikasiya xətləri kəsilə bilər.

Belə olduğu təqdirdə dünya iqtisadiyyatı və beynəlxalq kommunikasiya sistemləri üçün hansı risklər yaranır?

“Xalq Cəbhəsi” məsələni iqtisadçılar, İT mütəxəssisləri ilə müzakirə edib.

İqtisadçı Eldəniz Əmirov bildirib ki, fiberoptik internet kabellərinə görə İran tərəfindən ödənişin tələb edilməsi, ödəniş edilməyəcəyi təqdirdə isə kabellerin sıradan çıxarılması ilə bağlı xəbərləri o qədər də ciddi qəbul etmir: “Ona görə ki, bu, nəzəri baxımdan mümkün olsa da, amma mövcud vəziyyətə, ələlxüsus da qlobal geosiyasətdəki mövcud duruma görə İran tərəfinin belə bir addım atacağını düşünmürəm. Əgər atarsa, təbii ki, bu, qlobal internet trafikində ciddi problemlər yarada bilər. Çünki bu gün dünya data üzərində idarə olunur, informasiya mübadiləsidir və mübadilənin dayanması və yaxud gecikməsi bir çox istiqamətlərdə, eləcə də qlobal iqtisadiyyatın bütün istiqamətlərində öz mənfi təsirini buraxmış olar”.

Qlobal inflyasiya

Ekspert söyləyib ki, ən başlıcası isə maliyyə bazarlarında ciddi risklər yaranar: “Hətta müəyyən istiqamətlərdə çökmələr də ola bilər. Fond bazarları əməliyyatlarında problem yaranar. Beynəlxalq banklararası kommunikasiyanın zədələnməsi düşünürəm ki, etimad mühitinin qırılmasına, yəni sayılmaqla bitməyəcək qədər maliyyə sektoru üçün böyük mənfi təsirlərə gətirib çıxarar. Baxmayaraq ki, yalnız fiberoptik kabel qırılır, bu, logistik xidmətlərə böyük ölçüdə mənfi təsir göstərəcək. Onsuz da Hörmüz boğazında yaşanan problem yetəri qədərdir. Onun üzərinə də məlumat mübadiləsinin dayanması düşünürəm ki, həm neft, həm enerji, qaz, eyni zamanda, gübrə, həmçinin digər məhsulların tədarükündə böyük problemlər yaradar. Bu da qlobal inflyasiyanı da artırar, texnologiya şirkətlərini köçürər, korporativ serverlərin sıradan çıxmasına gətirib çıxarar. Yəni sığorta xərclərini inanılmaz dərəcədə heç vaxt olmadığı qədər pik həddə çatdırar və s”.

İqtisadçının sözlərinə görə, baxmayaraq ki, Azərbaycan xətt üzərində deyil, amma Azərbaycan da bundan böyük ölçüdə təsirlənər, dolayı təsirlər Azərbaycan iqtisadiyyatına, Azərbaycanda maliyyə sisteminə öz mənfi təsirini göstərər.

E.Əmirov vurğulayıb ki, amma bütün hallarda İran tərəfinin fiberoptik internet kabellərini zədələməsi, sıradan çıxarması hazırkı vəziyyətdə gözlənilən deyil: “Çünki əgər bu baş verərsə, o zaman artıq İran özü üçün daha böyük fəlakət açmış olar. Əgər bu gün hansısa ölkələr ABŞ-ni, İsraili İrana olan təzyiqə görə qınayırsa, belə bir hadisədən sonra düşünürəm ki, İran əlehdarlarının sayı kəskin artar və İrana qarşı daha irimiqyaslı, daha dağıdıcı həmlələr qaçılmaz olar”.

Dünya iqtisadiyyatına ciddi təsir

Beynəlxalq standartlaşdırma üzrə mütəxəssis Asif İbrahimov qeyd edib ki, Hörmüz boğazı ətrafında baş verən qeyri-müəyyənliklər səngimir: “Bu, neft qiymətlərinin bahalaşmasına və dünya bazarında inflyasiya indeksinin artmasına gətirib çıxarıb. Burada tək neft deyil, maye qazdan da söhbət gedir. Neft də strateji məhsulla yanaşı, psixoloji məhsuldur. Dünyada hər hansı baş verən iqtisadi-siyasi proseslər dərhal özünü göstərir. O məsələ səngiməmiş dənizaltı gedən fiberoptik kabellərin kəsilməsi ilə bağlı bəyanat yayılıb. Təbii ki, bu, dünya iqtisadiyyatı üçün, dünyada kommunikasiya infrastrukturunun əsas qan arteriyalarından biridir. Əgər orada hər hansısa bir məlumat qopuqluğu, informasiya kəsikliyi yaranarsa, bu, dünya iqtisadiyyatına ciddi təsirini göstərəcək. Kommunikasiyaların kəsilməsi bütün spektrə - bank, sığorta, maliyyə əməliyyatlarına, beynəlxalq köçürmələrə öz təsirini göstərəcək. Digər kommunikasiya istiqamətində olan məsələlərə də öz ciddi təsrini göstərəcək və bu, riskin göstəricisidir”.

“Risklər minimuma endirilməlidir”

A.İbrahimov bildirib ki, bununla bağlı dərhal tədbirlər həyata keçirilməli, risklər minimuma endirilməlidir: “Düzdür, Aralıq dənizindən və digər istiqamətlərdə fiberoptik kabellərin keçirilməsi, yeni infrastrukturun qurulmasında alternativlər var, amma düşünürəm ki, ön plana çıxacaq məsələ peyk internet sistemlələridir. SpaceX-in optik kabelsiz rabitə var. Amma bu da ciddi şəkildə investisiya və vaxt tələb edən məsələdir. Düşünürəm ki, belə risklər ortaya çıxdıqda sürətli şəkildə peyk internetinə keçidlər başlanılacaq və bir sıra sektorlarda bunun təsiri olacaq. Təbii ki, bu, özü ilə inflyasiyanı da gətirəcək”.

“İran öz siyasətini dəyişib”

İT mütəxəssisi Fərhad Mirəliyev bu məsələnin dünya siyasətində yaranmış yeni mənzərə ilə bağlı olduğunu bildirərək əlavə edib ki, ümumilikdə, bütün ölkələr öz ərazilərindən keçən magistral xətlərə görə müəyyən bir xidmət haqqı alırlar: “Yəni bu, beynəlxalq aləmdə qəbul olunmuş praktikadır. Amma neytral mövqelərdə olan magistral data kabellərə görə belə bir xidmət haqqı olmurdu və həmin kabellərə qulluq müəyyən şirkətlər tərəfindən həyata keçirilirdi. İndi yaranmış yeni geosiyasi mənzərəyə görə artıq İran öz siyasətini dəyişib və həm keçən tankerlərdən müəyyən ödənişlər almaq istəyir, həm xətlərə görə ödənişlər almaq istəyir. Bu da ondan irəli gəlir ki, bundan əvvəl həmin o sular beynəlxalq istifadədə olan və yaxud neytral mövqedə olan sular kimi qəbul olunurdusa, indi artıq ona iddia edir və özünün suveren ərazisi kimi qəbul edir. Bu baxımdan heç kəs deyə bilməz ki,orada hansısa bir xətlərə iddia edilir və yaxud onlar kəsilə bilər və ya bu fikirlər sadəcə blef kimi söylənilir”.

Qlobal internet şəbəkəsinin mühüm parçası

F.Mirəliyev vurğulayıb ki, o magistral kabellər əhəmiyyətlidir və internet xidmətləri qlobal internet şəbəkəsinin mühüm parçalarından biridir: “Demək olmaz ki, o xətlər kəsilsə həmin ərazidə hansısa fasilələr yarana bilər. Çünki ümumi internet şəbəkəsi tor formasındadır və o ərazidən gedən data məcbur olacaq ki, Afrika qitəsinin ətrafına dolansın və ya digər alternativ marşrutlardan getsin. Bu da ümumilikdə o alternativ marşrutlarda olan həmin yüklənməni əlavə olaraq çoxaldacaq və internetin sürətində müəyyən dəyişikliklərə gətirib çıxara bilər”.

Röya İsrafilova