Rusiya-Ukrayna müharibəsi: proses necə inkişaf edəcək? Dünya

Rusiya-Ukrayna müharibəsi: proses necə inkişaf edəcək?

Ukrayna və Rusiya arasında davam edən qanlı müharibə kritik mərhələyə qədəm qoyub. 9 May ərəfəsində elan olunan atəşkəs cəhdlərinin uğursuzluğu və tərəflərin qarşılıqlı dron hücumlarını intensivləşdirməsi regionda gərginliyin daha da artacağından xəbər verir. Beynəlxalq vasitəçilərin səylərinə baxmayaraq, tərəflərin güzəştsiz mövqeyi diplomatik həll variantlarını arxa plana keçirir.

Mövzu ilə bağlı “Xalq Cəbhəsi” nə danışan Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, 9 May - Qələbə Günü ilə bağlı elan edilən atəşkəs rejiminə tərəflər tərəfindən əməl olunmaması Ukrayna-Rusiya müharibəsində gərginliyin davam etdiyini göstərir.

Deputat bildirib ki, həm Ukrayna, həm də Rusiya qarşılıqlı şəkildə bir-birini atəşkəsi pozmaqda ittiham edib: “Zelenskinin “güzgü effekti” ilə cavab veriləcəyi barədə açıqlaması göstərir ki, Kiyev artıq məhdud və qısa müddətli atəşkəs modelində maraqlı deyil. Rusiyanın genişmiqyaslı dron hücumları həyata keçirməsi və tərəflərin qarşılıqlı ittihamları danışıqlar prosesinə ciddi təsir göstərir”.

Onun sözlərinə görə, bu vəziyyət birbaşa danışıqların yaxın dövrdə nəticə verməsinin çətin olduğunu göstərir: “Belə şəraitdə vasitəçilərin, xüsusilə ABŞ və Avropa İttifaqının rolu daha da artacaq. Vaşinqtonun dəstəklədiyi təşəbbüslər fonunda hücumların davam etməsi diplomatik səyləri mürəkkəbləşdirir”.

Deputat qeyd edib ki, Ukraynanın cavab zərbələrini artırması Rusiyanın enerji, logistika və hərbi obyektlərinə dron hücumlarının intensivləşməsinə səbəb ola bilər: “Moskvanın da buna sərt şəkildə cavab verəcəyi gözlənilir. Bu isə danışıqların hərbi eskalasiya fonunda davam edən məhdud təmaslara çevrilməsi riskini artırır”.

A.Nağıyev vurğulayıb ki, qarşılıqlı etimadın zəifləməsi tammiqyaslı siyasi razılaşma ehtimalını azaldır: “Müvəqqəti atəşkəsdən dərhal sonra genişmiqyaslı hücumların bərpası tərəflərin diplomatik öhdəliklərə inamını azaldır. Buna görə də yaxın perspektivdə tammiqyaslı siyasi razılaşmanın əldə olunacağı inandırıcı görünmür”.

Deputat hesab edir ki, hazırda müharibə əsasən pilotsuz uçuş aparatları üzərindən aparılır və tərəflər danışıqlar masasına daha üstün mövqedə oturmağa çalışırlar: “Hansı tərəf daha çox üstünlük əldə edərsə, şərtləri diktə edən tərəf kimi çıxış edə bilər. Hazırkı mərhələdə Ukraynanın qələbəsi, Rusiyanın qələbəsi, münaqişənin dondurulmuş vəziyyətə keçməsi və ya uzunmüddətli müharibənin davam etməsi əsas ssenarilər kimi görünür”.

Döyüş meydanındakı reallıq

Millət vəkili Hikmət Babaoğlu diqqətə çatdırıb ki, hazırkı mərhələdə Rusiya-Ukrayna müharibəsində həm atəşkəs, həm də danışıqlar prosesi daha çox şərti xarakter daşıyır. Deputat qeyd edib ki, döyüş meydanında formalaşan vəziyyət fonunda real nəticə verəcək danışıqlar üçün hələ zəmin yaranmayıb: “Hazırkı mərhələdə Rusiya-Ukrayna müharibəsində hər şey şərtidir. Hər hansı danışıqların aparılması da, atəşkəsin əldə olunması da daha çox simvolik xarakter daşıyır. Çünki döyüş meydanında yaranmış reallıq onu göstərir ki, nə atəşkəs, nə də danışıqlar anlayışını bu gün real məzmunda istifadə etmək mümkündür. Tərəflər öz mövqelərində israrlıdır.Rusiya işğal siyasətindən geri çəkilmir. Ukrayna isə öz ərazi bütövlüyünü qorumaq üçün mübarizə aparır və işğalçılara təslim olmaq istəmir. Bu baxımdan beynəlxalq hüquq və ədalət Ukraynanın tərəfindədir”.

Deputat vurğulayıb ki, Ukrayna prezidenti Volodimir Zelenskinin sərgilədiyi mövqe ölkəsini müdafiə etməyə yönəlib: “İstənilən dövlət özünə qarşı edilən hücumlara cavab vermək hüququna malikdir. Ukrayna da bu hüquqdan istifadə edir və hazırkı mərhələdə bunu kifayət qədər effektiv şəkildə həyata keçirir. Mövcud şəraitdə danışıqlardan real nəticə gözləmək çətindir.

Əgər obrazlı desək, hazırda danışıqlardan danışmağın özü çox da gerçəkçi görünmür. Çünki danışıqlar üçün sahədə real zəmin hələ formalaşmayıb”.

Rusiyanın geri çəkilmə şərti…

Deputat Ceyhun Məmmədov söyləyib ki, Mövcud vəziyyət atəşkəsin uzunmüddətli olmayacağını göstərir.

Onun sözlərinə görə, hazırkı proseslər onu deməyə əsas verir ki, atəşkəsin uzun müddət davam etməsi gözlənilən deyil: “Əvvəlki dövrlərdə də buna bənzər atəşkəslər qısa müddətli olmuşdu. Çünki Rusiya tərəfinin müharibəni dayandırmaq niyyətində olmadığı açıq görünür. Ukrayna isə özünü müdafiə etmək məqsədilə cavab addımları atır və bu, onun ən təbii haqqıdır.Bu gün Ukraynaya müəyyən təzyiqlər olsa da, proseslərin gedişi göstərir ki, müharibə hələ bir müddət davam edəcək. Atəşkəs məsələsi hazırda tam real görünmür və zaman tələb edən məsələ olaraq qalır”.

Millət vəkili qeyd edib ki, yaxın dövrdə həm Ukraynanın Rusiyaya cavab addımlarının davam etməsi, həm də bölgədə gərginliyin qalması gözlənilir: “Əslində bu proseslər əvvəlcədən proqnozlaşdırılan ssenarilərdən biri idi. Münaqişənin başa çatması üçün əsas şərt Rusiyanın işğal siyasətindən geri çəkilməsi və müharibəni davam etdirmək niyyətindən imtina etməsidir”.

Günel Elxan