Tramp Çinə səfərini başa vuraraq ABŞ-a yola düşüb Dünya

Tramp Çinə səfərini başa vuraraq ABŞ-a yola düşüb

ABŞ Prezidenti Donald Tramp Çinə dövlət səfərini başa vurub və xüsusi reyslə ABŞ-a yola düşüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Ağ Ev rəhbərinin Çinə səfəri üç gün davam edib və bu müddət ərzində Trampın kifayət qədər sıx qrafiki olub. Sədr Si Cinpin ilə geniş və məhdud tərkibdə keçirilən görüşlər zamanı tərəflər ikitərəfli və beynəlxalq gündəliyin bir sıra aktual məsələlərini, o cümlədən Ukrayna böhranını və Birləşmiş Ştatların İranla münaqişəsini müzakirə ediblər.

ABŞ Prezidenti qeyd edib ki, İran məsələsində Vaşinqton və Pekinin mövqeləri bir çox cəhətdən oxşardır – Si Cinpin kimi o da silahlı qarşıdurmanın sona çatmasını istəyir. Trampın sözlərinə görə, Çin və Birləşmiş Ştatlar "fantastik ticarət sazişləri" imzalayıblar. Bundan əlavə, Çin Amerika şirkətlərinə "yüz milyardlarla dollar investisiya qoyur" və iddialara görə, 200 ədəd "Boeing" təyyarəsi sifariş etməyə hazırlaşır.

Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, bu səfər iki ölkə liderləri arasında etimadın möhkəmlənməsinə töhfə verib.

Məryəm Quliyeva