15:29
714
Ermənistanda seçki marafonunda revanşist və Rusiyaya bağlı müxalifətin əsas tezisi Azərbaycanla Ermənistan arasında paraflanmış sülh mətnindən çıxmaq, Zəngəzur dəhlizi və TRİP layihəsindən imtina edərək Rusiyanın prosesdə iştirakını təmin etmək, həmçinin Qarabağdan köçən ermənilərin qayıdışını gündəmə gətirməkdir.
Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.
"Göründüyü kimi, müxalifətin irəli sürdüyü tezislər əsasən Kremlin siyasi xətti ilə uzlaşır və Azərbaycan-Ermənistan sülh prosesinə zərbə vurmağa hesablanıb.
Seçkilərdə iştirak edən “Güclü Ermənistan” partiyasının sədri S. Karapetyan Azərbaycana qarşı problemlər yaradacaqlarını bəyan edir. Baş nazir postuna namizəd R. Koçaryan da eyni ritorikanı davam etdirir. Bundan əlavə, Rusiya eks-prezidenti D. Medvedev, xarici işlər naziri S. Lavrov və digər yüksək vəzifəli şəxslər N. Paşinyana qarşı təhdid və təzyiq xarakterli açıqlamalar verirlər" - politoloq deyib.
O, qeyd edib ki, Ermənistanın “Ukraynanın yolu ilə getdiyini” iddia etmələri Kremlin İrəvana qarşı yeni siyasi təzyiq planına malik olduğunu göstərir.Rusiya rəhbərliyi faktiki olaraq Ermənistan hakimiyyətinə açıq mesaj göndərir:
"Əgər Avropa İttifaqı və ABŞ Ermənistan hakimiyyətinə yetərli siyasi dəstək verməsə, Moskva Paşinyan hakimiyyətini zəiflətməyə və ya dəyişməyə çalışa bilər. Proseslərin ciddiliyini nəzərə alan Vaşinqtonun Ermənistan istiqamətində diplomatik fəallığını artırması da diqqət çəkir. Dövlət katibi Rubio Ermənistana səfər edəcək. Bu, həm Paşinyana siyasi dəstək nümayişi, həm də Moskvanın artan təhdidlərinin qarşısını almağa hesablanmış addım kimi qiymətləndirilə bilər.
ABŞ və Qərb üçün Ermənistanın Rusiyanın tam təsir dairəsinə qayıtmaması strateji məsələdir. Buna görə də Vaşinqtonun Paşinyan hakimiyyətinin təhlükəsizliyi və siyasi dayanıqlığının qorunması üçün əlavə addımlar atacağı ehtimalı yüksək görünür".
Cavid