Bəhreyn İrana xəbərdarlıq etdi: "Səbrimiz zəiflik kimi qəbul edilməməlidir"​​​​​​​ Dünya

Bəhreyn İrana xəbərdarlıq etdi: "Səbrimiz zəiflik kimi qəbul edilməməlidir"​​​​​​​

Bəhreyn Xarici İşlər Nazirliyi şənbə günü səhər erkən saatlarda hər iki ölkə istiqamətində yeddi ballistik raketin atılması və vurulmasından sonra İranın Bəhreyn və Küveytə qarşı yeni hücumlarını pisləyib.

Xalqcebhesi.az xəbər verir ki, "Iran International"ın məlumatına görə, nazirlik bu hücumların hər iki ölkənin suverenliyinin, BMT Nizamnaməsinin və beynəlxalq normaların "kobud şəkildə pozulması", həmçinin Fars körfəzi regionunda təhlükəsizlik və sabitliyə təhdid olduğunu bəyan edib.

Bəyanatda həmçinin qeyd olunub ki, bu hücumlar BMT Təhlükəsizlik Şurasının İranın "əsassız hücumlarını" və Hörmüz boğazını bağlamaq və ya oradakı beynəlxalq gəmiçiliyə mane olmaq barədə istənilən cəhdini pisləyən 2817 saylı qətnaməsini pozub.

Nazirlikdən, "Təhlükəsizlik raketlər və dronlarla qurulmur, sabitlik isə minalar basdırmaqla qorunmur", — deyə bildirilib.

Bəhreyn İranı hücumları dərhal dayandırmağa, sülhə doğru addım atmaya, Hörmüz boğazını heç bir məhdudiyyət və ya rüsum olmadan tamamilə açmağa, dəniz minalarının koordinatlarını açıqlamağa və onların zərərsizləşdirilməsinə kömək etməyə çağırıb.

Nazirlik həmçinin mülki gəmilərin keçidi və blokadada qalan 20 000-dən çox dənizçinin ərazini təhlükəsiz şəkildə tərk edərək ailələrinin yanına qayıda bilməsi üçün təhlükəsiz humanitar dəhlizin yaradılmasına çağırıb.

Bəhreyn regionda sülh və sabitliyə sadiq qaldığını bəyan edib, lakin xəbərdarlıq edib ki, onun səbri zəiflik kimi qəbul edilməməlidir, öz suverenliyinin, təhlükəsizliyinin və xalqının müdafiəsi isə qırmızı xəttdir.

Məryəm Quliyeva