“Avropa ölkələrinin bu mövqeyi prosesə müəyyən təsir göstərə bilər” Dünya

“Avropa ölkələrinin bu mövqeyi prosesə müəyyən təsir göstərə bilər”

“Böyük Britaniya, Almaniya və Fransa liderlərinin yaydığı bəyanat Ukraynada savaşın durdurulması ilə bağlı növbəti bir cəhd kimi dəyərləndirilməkdədir. Amma nəzər alsaq ki, bu prosesdə ABŞ, o cümlədən Rusiya yoxdur və əslində elə çağırış həm də onlaradır. Xüsusilə də Rusiyayadır ki, Rusiya bu işğalçı savaşa son versin”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O.Qasımov bu müraciətin Rusiya tərəfinə hansısa bir təsiri olacağını yaxın perspektivdə real saymır: “Amma düşünürəm ki, ABŞ tərəfi bunu nəzərə ala bilər, baxmayaraq ki, hazırda Avropa ölkələri ilə ABŞ arasında da ciddi fikir ayrılıqları mövcuddur. Ancaq bütün hallarda savaşın gedişatı da onu göstərir ki, eyni zamanda, Ukraynanın tələblərindən, səylərindən biri də ondan ibarətdir ki, Avropa gələcək danışıqlarda yer alsın və iştirak etsin. Nəzər alsaq ki, son bir ildə Rusiya-Ukrayna savaşında Ukraynaya verilən dəstəyin əsas yükü Avropa ölkələrinin üzərinə düşüb və bu baxımdan Avropanın bu prosesdə iştirakı vacibdir. Yəni Avropa ölkələrinin bu mövqeyi kifayət qədər birmənalıdır və prosesə müəyyən təsir göstərə bilər”.

Politoloq düşünür ki, bu, yaxın perspektivdə deyil, müəyyən bir dövr sonra nəzərə alına bilər: “Ancaq orada qoyulan tələblərin bir çoxu, xüsusilə də sərhədlərin toxunulmazlığı ilə bağlı məsələlər Rusiya tərəfindən qəbul olunması çətin məsələdir. Çünki Rusiya Ukraynanın Donbas ərazilərinin hüquqi cəhətdən Rusiyaya verilməsində israrlıdır”.

Röya İsrafilova