
“ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi-siyasi təzyiqlərin əsas məqsədlərindən biri Tehranda hakimiyyət dəyişikliyinə nail olmaq və regionda yeni geosiyasi reallıq formalaşdırmaqdır”.
Bu fikirləri politoloq Azad Məsiyev xalqcebhesi.az-a açıqlamasında deyib.
Politoloqun sözlərinə görə, Vaşinqtonun İran siyasətinin əsas hədəflərindən biri bu ölkə üzərində təsir imkanlarını genişləndirməkdir:
“ABŞ uzun müddətdir ki, İranın regional siyasətini dəyişdirməyə çalışır. Bu istiqamətdə müxtəlif siyasi, iqtisadi və hərbi təzyiq vasitələrindən istifadə olunub. Lakin hadisələrin gedişi göstərir ki, həyata keçirilən addımlar gözlənilən nəticələri verməyib. Məhz buna görə də Vaşinqton hazırda Tehranla müəyyən razılaşmalar əldə etməyə və bunu daxili auditoriyaya siyasi uğur kimi təqdim etməyə çalışır. ABŞ-da İran siyasəti ilə bağlı ciddi müzakirələr davam edir.
Amerika cəmiyyətində, Konqresdə və Senatda İranla bağlı atılan addımlara fərqli yanaşmalar mövcuddur. Qarşıdan gələn siyasi proseslər və seçki kampaniyaları fonunda administrasiya xarici siyasətdə müəyyən nəticələr nümayiş etdirmək istəyir. Bu baxımdan İranla mümkün razılaşmaların əldə olunması Vaşinqton üçün siyasi əhəmiyyət daşıyır. İran isə öz maraqlarına zidd hesab etdiyi hər hansı sənədi qəbul etməyə meyilli deyil.Tehran beynəlxalq hüquq çərçivəsində danışıqların aparılmasını və qarşılıqlı maraqlara əsaslanan razılaşmaların əldə olunmasını vacib sayır. İran rəhbərliyi ölkənin milli maraqlarına uyğun olmayan hər hansı sənədin imzalanmasına isti yanaşmır”.
A.Məsiyev qeyd edib ki, Yaxın Şərqdə baş verən proseslərdə İsrail amili xüsusi rol oynayır:
“İsrail regionda öz təhlükəsizlik maraqlarını əsas gətirərək daha sərt siyasət yürüdür. Son illərdə Fələstin, Qəzza, Livan və digər istiqamətlərdə baş verən hadisələr də bunu göstərir. İsrail İranı özünün əsas regional rəqiblərindən biri hesab edir və bu səbəbdən Tehran üzərində təzyiqlərin artırılmasında maraqlı görünür. ABŞ-ın İsrailə verdiyi dəstək regiondakı proseslərə birbaşa təsir göstərir.
ABŞ-ın siyasi, diplomatik və hərbi dəstəyi İsrailin region siyasətində mühüm rol oynayır. Bu dəstək olmasaydı, İsrailin indiki miqyasda fəaliyyət göstərməsi daha çətin olardı. Hazırkı vəziyyət onu göstərir ki, İran ətrafında baş verən proseslərdə həm Vaşinqtonun, həm də Təl-Əvivin maraqları müəyyən məqamlarda üst-üstə düşür”.
Politoloq vurğulayıb ki, regionda baş verən hadisələr müxtəlif siyasi razılaşmalar və geosiyasi hesablamalar fonunda qiymətləndirilməlidir:
“Yaxın Şərqdəki proseslər yalnız hərbi müstəvidə deyil, eyni zamanda siyasi və strateji maraqlar prizmasından da dəyərləndirilməlidir. Mövcud vəziyyət göstərir ki, tərəflər öz mövqelərini gücləndirmək üçün müxtəlif vasitələrdən istifadə etməyə davam edəcəklər”.
Günel Elxan