“Milli Qurtuluşla başlayan mərhələ Azərbaycanın regional gücə çevrilməsinin əsasını qoydu” Dünya

“Milli Qurtuluşla başlayan mərhələ Azərbaycanın regional gücə çevrilməsinin əsasını qoydu”

“Azərbaycanın müstəqillik tarixində 15 İyun yalnız siyasi hakimiyyət dəyişikliyi ilə yadda qalan bir tarix deyil, dövlətçiliyin qorunub saxlanıldığı və gələcək inkişaf modelinin formalaşdığı dönüş nöqtəsidir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Z.Qarayeva bildirib ki, 1993-cü ildə ölkədə hökm sürən siyasi böhran, idarəetmə boşluğu və daxili qarşıdurma təhlükəsi Azərbaycanın müstəqilliyini ciddi şəkildə təhdid edirdi: “Həmin mürəkkəb şəraitdə Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı dövlət institutlarının bərpasına, sabitliyin təmin olunmasına və ölkənin inkişaf strategiyasının müəyyənləşdirilməsinə zəmin yaratdı. Sonrakı dövrdə həyata keçirilən islahatlar, hüquqi dövlət quruculuğu və iqtisadi dirçəliş məhz həmin siyasi sabitlik üzərində formalaşdı”.

Politoloq Milli Qurtuluşla başlayan mərhələnin sonrakı onilliklərdə Azərbaycanın regional gücə çevrilməsinin əsasını qoyduğunu vurğulaylb: “Enerji layihələrinin uğurla həyata keçirilməsi, beynəlxalq tərəfdaşlıqların genişlənməsi, müasir ordu quruculuğu və milli maraqlara əsaslanan xarici siyasət ölkənin imkanlarını əhəmiyyətli dərəcədə artırdı. Bu baxımdan 2020-ci ildə əldə olunan tarixi Zəfər və sonrakı dövrdə suverenliyin tam bərpası da dövlətçilik kursunun məntiqi davamı kimi qiymətləndirilir. Qurtuluşdan Zəfərə uzanan yol göstərdi ki, güclü dövlət institutları, milli birlik və strateji siyasi xətt Azərbaycanın uğurlarının əsas təminatçısıdır”.

Röya İsrafilova