Reuters: ABŞ və İranın tarixi sazişində 300 milyard dollarlıq özəl fond planı Gündəm

Reuters: ABŞ və İranın tarixi sazişində 300 milyard dollarlıq özəl fond planı

ABŞ və İran arasındakı çərçivə sazişi 300 milyard dollar həcmində özəl investisiya fondunun yaradılmasını nəzərdə tutur və bu məbləğin yarısından çoxu artıq investorların öhdəlikləri ilə təmin edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, fond tərəflər arasında yekun sazişin imzalanması üçün iqtisadi stimul rolunu oynamalıdır. Qeyd olunur ki, bu maliyyə mexanizmi dövlət maliyyələşdirilməsi və ya qrantların istifadəsini nəzərdə tutmur, vəsaitlər özəl sektor tərəfindən təmin ediləcək. Nəşrdə deyilir ki, investorlar qismində ABŞ, Fars körfəzi ölkələri, Asiya, Cənubi Amerika və Afrika şirkətləri çıxış edir.

Agentliyin mənbəsinin bildirdiyinə görə, fond yalnız yekun saziş imzalandıqdan sonra fəaliyyətə başlayacaq. Gözlənilir ki, anlaşma memorandumunun imzalanması növbəti 60 gün üçün prosesin strukturunu müəyyən edəcək və bu müddət ərzində fondun inzibatçıları layihələrin planlaşdırılması üzərində İran tərəfi və investorlarla birlikdə işləyəcəklər. İlkin qiymətləndirmələrə görə, söhbət energetika, logistika, istehsalat və nəqliyyat sahələrinə qoyulacaq investisiyalardan gedir.

"Reuters"in məlumatına görə, ilkin olaraq Tehran Vaşinqtondan hərbi ziyana görə kompensasiya rejimində 400 milyard dollar tələb etsə də, rədd cavabı alıb. Nəticədə elə bir mexanizm barədə razılıq əldə olunub ki, region ölkələri kredit xətləri və ya İranın infrastrukturunun bərpası üçün birbaşa maliyyələşdirmə vasitəsilə prosesdə iştirak edə bilsinlər.

Agentlik vurğulayır ki, ABŞ Vitse-prezidenti Cey Di Vens Tehranın sazişin tələblərini yerinə yetirəcəyi təqdirdə, İrana Fars körfəzi dövlətləri tərəfindən dəstəklənən fonda çıxış imkanının verilməsi planını təsdiqləyib. Məlumata görə, bu tələblərə nüvə proqramının ləğv edilməsi, zənginləşdirilmiş uran ehtiyatlarının təmizlənməsi və ciddi təftiş rejiminə razılıq verilməsi daxildir.

Yazıda qeyd olunur ki, investisiya fondu müstəqil maliyyə strukturudur və sanksiyaların ləğvi, eləcə də İranın dondurulmuş suveren aktivlərinin blokdan çıxarılması üzrə paralel aparılan danışıqlar xətti ilə bağlı deyil. Agentlik xatırladır ki, dünyada ikinci ən böyük təbii qaz və dördüncü ən böyük neft ehtiyatlarına malik olan İran, sanksiyalar səbəbindən onilliklər ərzində demək olar ki, birbaşa xarici investisiya ala bilməyib.

Məryəm Quliyeva