10:43
931
“ABŞ-nin Polşaya yönəlik belə bir xəbərdarlığı ilk dəfə deyil və əsas məqsədi mümkün risklərə qarşı müttəfiqlərin hazırlığını artırmaqdır. Lakin bu cür xəbərdarlıqlar Rusiyanın mütləq şəkildə Polşaya hücum edəcəyi anlamına gəlmir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.
Politoloq qeyd edib ki, hazırkı mərhələdə Rusiyanın NATO üzvü olan Polşaya açıq hərbi hücum etməsi aşağı ehtimallı ssenari hesab olunur: “Çünki Polşaya birbaşa silahlı hücum NATO-nun Vaşinqton Müqaviləsinin 5-ci maddəsinin işə düşməsinə və bunun nəticəsində Rusiya ilə bütün alyans arasında genişmiqyaslı qarşıdurma riskinin yaranmasına səbəb ola bilər. Bu isə Moskva üçün olduqca ağır hərbi, siyasi və iqtisadi nəticələr doğurar. Amma bu o anlama gəlmir ki, risk tamamilə istisna edilmir. Əgər hər hansı təxribat baş versə, onun daha çox hibrid xarakter daşıması, kritik infrastrukturun hədəfə alınması, kiberhücumlar, GPS siqnallarının pozulması, sərhəd bölgələrində gərginliyin artırılması və ya mənşəyi dərhal müəyyən edilməyən məhdud insidentlər formasında olması daha real görünə bilər”.
E.Telmanoğlu əlavə edib ki, belə hadisələrin əsas məqsədi NATO-nun birlik və qətiyyətini sınaqdan keçirmək, müttəfiqlər arasında fikir ayrılığı yaratmaq və Ukraynaya göstərilən dəstəyi zəiflətmək ola bilər: “Bununla belə, indiyədək Rusiyanın Polşaya qarşı yaxın zamanda genişmiqyaslı hərbi əməliyyata hazırlaşdığını təsdiqləyən açıq və qəti sübutlar mövcud deyil. Ona görə də hazırkı vəziyyətdə ən əsas nəticə budur ki, təhlükəsizlik riskləri nəzərə alınsa da, Rusiyanın Polşaya birbaşa hərbi hücumu qaçılmaz və ya yüksək ehtimallı hadisə kimi qiymətləndirilmir. Bu sadəcə yoxlanış siqnalı kimi dəyərləndirilə bilər”.
Röya İsrafilova