16:40
630
“Rusiya-Ukrayna müharibəsi başlayandan etibarən Ukraynaya ən ardıcıl dəstəyi göstərən əsas güc mərkəzi Avropa İttifaqı olub”.
Bu fikirləri “Xalqcəbhəsi.az”a politoloq Oqtay Qasımov açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, Rusiya-Ukraynaya qarşı işğalçı müharibə başlayandan Ukraynanı ardıcıl şəkildə dəstəkləyən əsas güc mərkəzi Avropa İttifaqı olub və heç də təsadüfi deyil ki, bu il də Avropa İttifaqı Ukraynaya 90 milyard dollarlıq bir yardım paketini təsdiqlədi və artıq bu istiqamətdə addımlar atılır:
“Bu ayrılmış layihələr, maliyyələr konkret istiqamətlərə yönələcək. Onlardan biri də Ukraynanın pilotsuz uçuş aparatlarının istehsalı sahəsidir. Çünki Ukrayna savaşın gedişatında bu istiqamətdə çox ciddi uğurlara imza atıb və dron istehsalını yüksək səviyyələrə qaldırıb. Artıq Ukraynanın özünün istehsal gücü, illik dron istehsal gücü 1 milyonun üzərində olmaqla bir nəticədir və məhz Ukrayna bu dron və antidron sistemləri vasitəsilə son bir ildə Rusiya ilə müharibədə ciddi şəkildə strateji üstünlük əldə etməyə demək olar ki, müvəffəq olub.
Bu istiqamətdə addımların atılması və bununla bağlı Avropa İttifaqının dəstəyi də çox önəmlidir. Belə ki, Avropa çox yaxşı anlayır ki, Avropanın təhlükəsizliyi birbaşa Ukraynanın təhlükəsizliyi ilə bağlıdır. Ukrayna Rusiya təcavüzünün qarşısında duran ən böyük gücdür. Bu baxımdan, əlbəttə ki, pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı yardımların edilməsi həm Ukraynanın özünün müdafiə qabiliyyətinin gücləndirilməsinə, eyni zamanda Avropanın da gələcək təhlükəsizliyi ilə bağlı qayğılarının xeyli dərəcədə təminat altına alınmasına təsir göstərəcək deyə düşünürəm. Yəni bu, Ukrayna üçün çox vacibdir, Ukrayna qədər Avropanın təhlükəsizlik strategiyasına da uyğun olan bir addım kimi dəyərləndirilməlidir.”
Günel Elxan