Ukrayna İsveçdən 32 ədəd "Gripen" qırıcısı alacaq Dünya

Ukrayna İsveçdən 32 ədəd "Gripen" qırıcısı alacaq

İsveç Ukraynaya hərbi yardım çərçivəsində 16 ədəd "Gripen C/D" qırıcısı təhvil verəcək, müqavilə əsasında isə daha 16 ədəd "Gripen E" tədarük edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bunu Krallığın Baş naziri Ulf Kristersson Ankarada keçirilən NATO sammitindən əvvəl təsdiqləyib.

O bildirib: "Hazırda Ukrayna "Gripen" qırıcılarının ən son nəsli olan "Gripen E" modelini satın alıb. Biz 16 qırıcı barədə müqavilə imzalamışıq. Eyni zamanda, hazırda əlimizdə olan eyni sayda qırıcını da yardım olaraq təhvil veririk, beləliklə, müxtəlif vaxtlarda olsa da, ümumilikdə 32 təyyarə tədarük edəcəyik".

Kristerssonun sözlərinə görə, Ukraynaya dəstəyin davam etdirilməsi İsveçin "əsas prioritetidir". "Onlar bizim yardımımız sayəsində mübarizəni davam etdirə bilirlər və bu dəstək davam etdirilməlidir. Hazırda bir sıra ölkələr yardım göstərməyə davam edir, digər ölkələrin də dəstəyi gücləndirməsi zəruridir", — deyə o əlavə edib.

İsveçin "Saab" şirkətinin press-relizində aydınlıq gətirildiyi kimi, şirkət iyunun 30-da Ukrayna üçün 16 ədəd "Gripen E" qırıcısının tədarükünə dair İsveç Müdafiə Texnikası İdarəsi (FMV) ilə müqavilə imzalayıb. Sifarişin dəyəri təxminən 24,6 milyard kron (2,54 milyard dollar) təşkil edir və sifariş 2026-cı ilin üçüncü rübündə rəsmiləşdiriləcək. "Gripen E" qırıcılarının tədarükü 2029–2030-cu illərə planlaşdırılır. Daha əvvəl xəbər verildiyi kimi, İsveç 2027-ci ilin əvvəlində Ukraynaya "Gripen C/D" qırıcılarını təhvil verəcək.

Məryəm Quliyeva