"İran üçün manevr imkanları getdikcə məhdudlaşır" Dünya

"İran üçün manevr imkanları getdikcə məhdudlaşır"

İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum etməsi ABŞ-ın da İrana qarşı hərbi addımlarını sürətləndirdi. Faktiki olaraq, İran bununla əldə olunmuş razılaşmanı pozmuş oldu. Halbuki Tehran imzalanmış memorandumun şərtlərinə əməl etməli idi.

Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

"Həmin memorandum İran üçün müəyyən siyasi və iqtisadi üstünlüklər yarada bilərdi. Görünür, İranda SEPAH, sərt xətt tərəfdarları və mühafizəkar dairələr islahatçıların ABŞ ilə imzaladığı memorandumun həyata keçirilməsini qəbul etmədilər və prosesi dalana dirədilər" - politoloq deyib.

"Hesab edirəm ki, ABŞ artıq əvvəlki mövqeyinə qayıtmayacaq, İrana qarşı daha sərt tələblər irəli sürəcək və yeni sanksiyalar tətbiq edəcək. Mövcud vəziyyət göstərir ki, İran üçün manevr imkanları getdikcə məhdudlaşır.

ABŞ-ın İranın logistika mərkəzlərinə endirdiyi zərbələr ölkə iqtisadiyyatına ciddi təsir göstərə bilər. İranın Körfəz bölgəsində gərginliyi artırmaqla strateji üstünlük əldə etməsi isə real görünmür.

Ümumilikdə, vəziyyət kifayət qədər kritikdir və hadisələrin gedişatı daha çox İranın əleyhinə inkişaf edir" - politoloq vurğulayıb.

Cavid