“Rusiya–Ukrayna müharibəsi dərinləşir” Dünya

“Rusiya–Ukrayna müharibəsi dərinləşir”

“Rusiya–Ukrayna müharibəsində son dövrlər müşahidə olunan hadisələr göstərir ki, qarşıdurma daha da şiddətlənir”.

Bu sözləri Xalqcəbhəsi.az-a açıqlamasında hərbi ekspert Səxavət Məmmədov söyləyib.

Ekspert bildirib ki, müharibənin intensivləşməsinə təsir edən bir neçə əsas amil mövcuddur: “Bunlardan biri Ukraynanın Qərbdən aldığı maliyyə və hərbi dəstəkdir.
Qərb ölkələri, o cümlədən NATO sammitində Ukraynaya böyük həcmdə maliyyə dəstəyi ayrılması ilə bağlı razılığa gəliblər. Belə bir dəstəyin qarşılığında da müəyyən nəticələr gözlənilir. Digər əsas məqsəd Rusiyanın resurslarını tükəndirməkdir.
Radarların və hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılması üçün kütləvi dron hücumlarından istifadə edilir. Əgər konkret hədəfi vurmaq qarşıya məqsəd qoyulubsa, bunu kütləvi hücumlar vasitəsilə həyata keçirmək daha effektiv hesab olunur”.

Onun sözlərinə görə, Rusiyanın güclü hava hücumundan müdafiə sistemi olsa da, kütləvi dron hücumları qarşısında bu sistemlər də çətinliklə üzləşir: “Son dövrlər tərəflərin bir-birinə endirdiyi kütləvi dron və raket zərbələri müharibənin daha da şiddətləndiyini göstərir.
Hazırda tərəflərin heç biri geri addım atmaq niyyətində deyil. Hər iki tərəf qarşıya qoyduğu məqsədlərə çatmaq üçün hücumlarını davam etdirəcək. Bu müharibədə resurslarını daha uzun müddət qoruyub saxlaya bilən tərəfin üstünlük qazanmaq ehtimalı daha yüksəkdir”.

Səxavət Məmmədov əlavə edib ki, hazırkı mərhələdə münaqişəyə yalnız Rusiya–Ukrayna müharibəsi kimi baxmaq tam doğru yanaşma deyil:
Rəsmi olaraq elan edilməsə də, faktiki vəziyyət göstərir ki, bu qarşıdurmada NATO-nun texniki, maliyyə və digər dəstəyi mövcuddur. Bu baxımdan müharibəni qeyri-rəsmi şəkildə Rusiya–NATO qarşıdurması kimi də qiymətləndirmək olar”.

Günel Elxan