İraq Suriya vasitəsilə neft ixracına dair saziş imzalamağı planlaşdırır Dünya

İraq Suriya vasitəsilə neft ixracına dair saziş imzalamağı planlaşdırır

İraq rəhbərliyi bu həftə Kərkük vilayətindən Suriyanın liman şəhəri Banyasa neft nəqlini və oradan növbəti ixracı təmin edəcək neft kəmərinin fəaliyyətinin bərpa olunmasına dair saziş imzalamağı planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Amerikanın "Al-Monitor" portalı yayıb.

Qeyd olunur ki, sazişin imzalanması ABŞ-nin iştirakı ilə baş tutmalıdır. Neft kəmərinin fəaliyyətinin bərpası layihəsinin texniki və texniki-iqtisadi əsaslandırılması ilə ABŞ-nin "Chevron" və "Capital TI", həmçinin Qətərin "UCC" şirkətlərindən ibarət konsorsium məşğul olmalıdır. Bundan əlavə, portalın mənbələrinin bildirdiyinə görə, İraq rəhbərliyi bu həftə energetika sahəsində bir sıra digər müqavilələr də imzalamağı planlaşdırır.

İraqın Dövlət Neft Marketinqi Şirkətinin (SOMO) baş direktoru Əli Nizar hələ mart ayında Suriyanın Banyas şəhərindən neft ixracı üçün Hörmüz boğazına alternativ marşrut kimi istifadə etməkdə maraqlı olduqlarını bəyan etmişdi.

Məryəm Quliyeva