“Sanksiyalar Aİ-ni də zəiflədir” Dünya

“Sanksiyalar Aİ-ni də zəiflədir”

“Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar hazırlaması əvvəlki məhdudiyyətlərin effektivliyi fonunda ciddi suallar doğurur”.

Buni politoloq Şakir Ağayev Xalqcəbhəsi.az-a açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, Rusiyaya qarşı indiyədək tətbiq olunan sanksiyaların miqyası dünya tarixində görünməmiş səviyyəyə çatıb.

“Rusiyaya qarşı qoyulmayan sanksiya demək olar ki, qalmayıb. Dünya tarixində heç bir dövlət bu qədər geniş və çoxsaylı sanksiyalarla üzləşməyib. Buna baxmayaraq, son beş ildə tətbiq olunan məhdudiyyətlər Rusiyaya müəyyən çətinliklər yaratsa da, ölkə müharibəni davam etdirir, hərbi sənayesini inkişaf etdirir. Hətta Avropa İttifaqının özü də etiraf edir ki, Rusiyanın hərbi sənaye potensialı bəzi istiqamətlərdə Avropanı üstələyir.Rusiya enerji ixracında yeni bazarlar formalaşdırmağa nail olub və sanksiyalara uyğunlaşma prosesini böyük ölçüdə tamamlayıb. Rusiya neft və qaz satışında Asiya bazarlarına istiqamətlənib. Çin, Hindistan, Pakistan, İndoneziya və digər iri dövlətlərlə əməkdaşlıq genişlənib. Maliyyə əməliyyatlarında da milli valyutalardan istifadəyə üstünlük verilir. Bu isə Qərb sanksiyalarının təsir imkanlarını zəiflədir. Eyni zamanda, üçüncü və dördüncü ölkələr vasitəsilə sanksiyalardan yayınma mexanizmləri də formalaşıb”.

Şakir Ağayev vurğulayıb ki, sanksiyaların mənfi təsiri yalnız Rusiyada deyil, Avropa ölkələrində də hiss olunur: “Avropa dövlətləri artıq açıq şəkildə etiraf edirlər ki, bu sanksiyalar onların iqtisadiyyatına da ciddi zərbə vurur. Almaniya kansleri Fridrix Merts də bildirib ki, Almaniyanın avtomobil sənayesində yaşanan geriləmənin əsas səbəblərindən biri Rusiyadan qaz idxalının dayanmasıdır. Slovakiya, Bolqarıstan, Macarıstan və Yunanıstan kimi ölkələr də Rusiya enerjisindən imtinanın yaratdığı çətinlikləri yaşayırlar. Avropa İttifaqı daxilində sanksiyalarla bağlı yaranan fikir ayrılıqlarının kökündə üzv dövlətlərin milli maraqları dayanır. Bu sanksiyaların əsas təşəbbüskarları Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasdır. Onlar ayrı-ayrı dövlətlərin rəhbərləri deyillər və konkret ölkələrin milli iqtisadiyyatı qarşısında məsuliyyət daşımırlar. Halbuki hər bir üzv dövlətin öz milli maraqları və iqtisadi prioritetləri var. Məhz bu səbəbdən Avropa İttifaqı daxilində sanksiyalar məsələsində fikir ayrılığı və parçalanma meyilləri müşahidə olunur”.

Günel Elxan