"Yaxın Şərq 2030-cu ilə kimi problemlərdən kənar ola bilməyəcək" Dünya

"Yaxın Şərq 2030-cu ilə kimi problemlərdən kənar ola bilməyəcək"

Yaxın Şərqin gələcək arxitekturasını yeni dünya düzəni konsepsiyası üzərindən dəyərləndirmək lazımdır. Əgər bu yeni düzənə hansısa ali dəyərlər, ölkələrin sabit və təhlükəsiz şəkildə mövcud olması konstektində baxılacaqsa, bu, eləcə də digər regionlara da aid edilir, onda regiondakı İran-Türkiyə-İsrail üçlüyü arasında olan münasibətlər qarşılıqlı razılıq əsasında həll olunmalıdır. Əks halda, əgər bu yeni düzən bir-biri ilə ziddiyyətləri olan ölkələrin tamamilə bir formada siyasi arenadan getməsi şəklində formalaşacaqsa, onda regionlarda, xüsusən də, Yaxın Şərqdə hələ qarşıdurma irəlidədir.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.

"Bu zaman yeni dövlətlərin yaranması, ərazi dəyişikliyi məsələləri gündəmdə olacaq. Ehtimalların böyük ölçüdə Yaxın Şərqdəki məsələlərin həllinin son ana kimi bir-birini məğlub etmək istiqamətində gedəcəyi mühtəməldir.

Bura Türkiyə-Yunanıstan, İran-Ərəb ölkələri, kürd məsələsi kimi məsələləri də əlavə etsək, görmək olur ki, proseslər hələ başlanğıc mərhələsindədir. İran azərbaycanlılarının məsələsi Azərbaycan üçün prioritet olacaq. Təbii ki, İran hakimiyyətinin hansı formada var olması məsələsi kontekstində. Hesab edirəm ki, Yaxın Şərq hələ ən azı 2030-cu ilə kimi problemlərdən kənar ola bilməyəcək".

Cavid