"ABŞ administrasiyası diplomatiyaya qapını bağlamaq istəmir" Dünya

"ABŞ administrasiyası diplomatiyaya qapını bağlamaq istəmir"

ABŞ Dövlət katibi Marko Rubio Manilada keçirilən ASEAN toplantısında bildirib ki, "İran razılaşma əldə etmək üçün yalvarır, amma, razılaşma bağlamağa hazır deyillər". Onun sözlərinə görə, Tehran əvvəlki öhdəlikləri də yerinə yetirməyib və ABŞ hərbi-siyasi təzyiqi davam etdirəcək.

Politoloq Çingiz Şahbazi xalqcebhesi.az-a deyib ki, əslində isə ümumi mənzərə deməyə əsas verir ki, ABŞ administrasiyası diplomatiyaya qapını bağlamaq istəmir və bunu da açıq şəkildə bəyan edir.

Baxmayaraq ki, Vaşinqton Tehranın səmimi danışıqlar aparmadığını hesab etsə də, eyni zamanda münaqişənin iqtisadi və hərbi xərclərinin sürətlə artdığı vurğulanır. Rubionun açıqlamaları məhz bu səbəbdən İranın real addımlar atmasına çağırış olaraq qiymətləndirmək olar. Trampın "İran hələ razılaşmaya hazır deyil", fikri də məhz İrana qarşı xəbərdarlıq mesajı olaraq qalır və hökumət nümayəndələri də məhz bu istiqamətdə öz fikirlərini bölüşürlər:

"Bütün bunlar ABŞ administrasiyasının Tehrana qarşı maksimum təzyiq strategiyasının tərkib hissəsidir və hesab edirəm ki, bu strategiya, Tehranın güzəştlərə və öhdəlik götürməyə hazır olduğunu bəyan edənə qədər davam edəcək. ABŞ tərəfi Tehranın danışıq istədiyini iddia edir. Amma, görünən odur ki qarşılıqlı etimadsızlıq bunun faydasız olduğunu göstərir.

Məhz etimadsızlıq mühiti iki ölkə arasında danışıqlar prosesinə ciddi zərbə vurur. Bu səbəbdən də ən real ssenari mərhələli razılaşma yolu hazırkı vəziyyətdə daha effektiv görünür və hesab edirəm ki, bu yanaşma qarşılıqlı etimadın bərpasına da şərait yarada bilər. Bu baxımdan da hesab edirəm ki, yaxın gələcəkdə tammiqyaslı razılaşmanın əldə olunmasından daha çox, məhdud və mərhələli razılaşma modeli daha real görünür. Bu həmçinin etimad mühitinin yaxşılaşdırılması baxımdan da kifayət qədər faydalı model ola bilər".

Cavid