Tramp regionda yeni cəbhə açır? - AÇIQLAMA Dünya

Tramp regionda yeni cəbhə açır? - AÇIQLAMA

Yaxın Şərqdə İran ətrafında davam edən gərginlik daha geniş coğrafiyaya yayılmağa başlayıb.

"Reuters"in yaydığı məlumata görə, ABŞ hava zərbələrini müvəqqəti dayandırsa da, qarşıdurma artıq Qırmızı dəniz və Xəzər dənizi istiqamətində yeni mərhələyə keçib. Husilərin Səudiyyə Ərəbistanına hücumları, İranın isə Ukraynanı Xəzərdəki hadisədə ittiham etməsi regiondakı təhlükəsizliklə bağlı narahatlıqları artırıb.

Münaqişənin Qırmızı dəniz və Xəzər dənizi istiqamətində genişlənməsi hansı geosiyasi nəticələrə səbəb ola bilər? ABŞ-nin hava zərbələrini dayandırması fonunda regionda yeni cəbhələrin açılması ehtimalını və bunun beynəlxalq təhlükəsizliyə təsirlərini necə qiymətləndirmək olar?

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sfera.az-a açqlamasında deyib ki, ABŞ-nin İrana zərbələri dayandırması Vaşinqtonun seçkiöncəsi genişmiqyaslı eskalasiyada maraqlı olmaması, eyni zamanda üzləşdiyi çətinliklərlə bağlıdır.

Onun sözlərinə görə, artıq ABŞ-nin sursat çatışmazlığı problemi ilə bağlı dünya mətbuatında informasiyalar yayılıb:

“Öncədən bəlli idi ki, İrana hava zərbələri ilə nəticə əldə oluna bilməz, quru əməliyyatları isə daha ciddi risk daşıyır. İran ABŞ-nin düşdüyü durumdan istifadə edərək, körfəz ölkələrində İrsrail və ABŞ-ın qurduğu “təhlükəsizlik arxitekturası”nı dağıtmağa çalışır və buna müəyyən qədər nail olub. Digər bir məqam ABŞ-İran müharibəsinin Ukrayna kimi çoxtərəfli xarakter almasıdır. İran həm də husilər vasitəsilə o mesajı verir ki, Tehran istəsə Səudiyyə Ərəbistanı da digər körfəz ölkələri kimi neft ixracatında problemlərlə üzləşə bilər. Bu həm də ABŞ-yə verilən mesajdır”.

Əli Zülfüqaroğlu əlavə edib ki, ABŞ-nin İran müharibəsi ilə çıxılmaz vəziyyətə düşməsi, İranın prinsipial mövqeyindən geri çəkilməməsi və müharibəni yayma potensialı, Rusiya və Ukraynanın diplomatik masadan hələ ki uzaq qalması, Xəzər və Qara dənizdə digər ölkələrə məxsus gəmilərə hücumlar beynəlxalq təhlükəsizliklə bağlı təhdidləri artırıb:

“İstənilən halda mülki obyektlərə hücum mənfi presdent yaradır və təhlükənin miyasını genişləndirir. Hələ ki, yeni cəbhələrin açılma ehtimalı aşağı olsa da, amma istisna deyil. Bu baş verəcəyi halda dünya yeni və daha təhlükəli mərhələyə keçəcək”.