Ərdoğan Pentaqonu əxlaqsız adlandırıb Dünya

Ərdoğan Pentaqonu əxlaqsız adlandırıb

"Suriya və İraqdakı qeyri-sabitlik nəticəsində 3 milyon miqranta ev sahibliyi etdik. Qısa müddətdə bu ölkələrdə sabitliyin yaranacağına ümid bəsləsək də, Suriyada qeyri-sabitlik artdı, Suriyadakı terrorun torpaqlarımıza çatdığını gördük".
Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, "Fərat qalxanı" əmədiyyatı ilə 2 min kv.km ərazi İŞİD terrorçularından təmizlənib, 140 min suriyalı torpaqlarına qayıdıb: "İllərlə Türkiyəni terrorla sıxışdırmağa çalışanlara verdiyimiz bu reaksiya bizim yeni həmlələrimizin də önünü açıb. Suriyada Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün apardığımız "Zeytun budağı" əməliyyatı 35-ci günə qədəm qoyub. İndiyə qədər əməliyyat çərçivəsində 1873 terrorçu məhv edilib, 415 kv.km ərazi nəzarətə götürülüb. 1000 kənd terrorçulardan təmizlənib. Bizim əsas məqsədimiz nədir? Ölkəmizdə 3 milyon suriyalı var, əsas məqsədimiz bu insanların torpaqlarına qayıtmasını təmin etməkdir".
Türkiyə prezidenti qeyd edib ki, indiyə qədər Afrin bölgəsindəki əsas yküsəkliklər terrorçulardan azad edilib: "Ona görə də bundan sonra əməliyyat daha sürətlə gedəcək. Təbii ki, hava şəratinin qeyri-sabit olması amili də müəyyən rol oynaya bilər. İnşallah, ən qısa müddətdə Afrin şəhəri mühasirəyə alınacaq, terrorçulardan təmizlənəcək".
"Bu yay həm terrorçular, sonra onları dəstəkləyənlər üçün çox isti keçəcək"-deyən Türkiyə prezidenti ABŞ Müdafiə Nazirliyinin sözçüsünün Türkiyə ordusunun keçirdiyi əməliyyat nəticəsində Suriyanın Afrin bölgəsində mülki şəxslərə ziyan dəyməsi barədə bəyanatına sərt reaksiya verib.
Ərdoğan bildirib ki, bu, vicdansızlıq, əxlaqsızlıqdır.
Türkiyə prezidenti qeyd edib ki, ABŞ Suriyada Şərqi Qutada hər gün yüzlərlə qadın, uşağın ölümündən narahat olmur, ancaq Afrində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin terrorçularının məhv edilməsindən narahatlıq keçirir: "Biz mülki şəxs və terrorçuları ayırmasaydıq, Afrinə tam nəzarət çoxdan təmin edilmişdi. Biz onları əvvəlcə özlərinin təlim keçdikləri terrorçuların qətl etdikləri, evlərindən qovduqları mülki şəxslərə sahib çıxmağa çağırırıq. Biz terrorçulara dəstəyə görə onları qınamaqdan utandıq, ancaq onlar hələ utanmırlar. ABŞ-da bir qurumun dediklərini o biri qurum təkzib çatır. Məsələn, biz Menbiçlə bağlı çoxsaylı sənəd və görüntüləri önlərinə qoyanda bizim haqlı olduğumuzu deyirlər, ancaq bizimlə görüşdən sonra yenə yalanlar söyləyirlər. Bizi terror təşkilatına pulu, silahı kimin verdiyi maraqlandırır. ABŞ dövlət büdcəsindən terrorçulara 500 milyon dollar dəstək verəndə onlara haqlı olduqlarını deyəcəyik?! Bu yay həm terrorçular, həm də onları dəstəkləyənlər üçün çox isti keçəcək. Öncə Menbiçi PYD/YPG terrorçularından təmizləyəcəyik. Sonra Fərat çayının şərqini suriyalılar və Türkiyə üçün təhlükəsiz edəcəyik".