Ukraynada 1 ayda 209 insan öldürülüb Dünya

Ukraynada 1 ayda 209 insan öldürülüb

Bu rəqəmlər geosiyasi oyunların qurbanlarının tam siyahısı deyil

Cavid

Ukrayna Səhiyyə Nazirliyi Donetsk və Luqansk vilayətlərində separatçılara qarşı keçirilən əməliyyatlarda indiyədək 257 nəfərin öldüyünü, 1300-dən çox adamın yaralandığını açıqlayıb. Belə ki, Ukraynanın şərqində başlayan antiterror aməliyyatlarından bu günə kimi ölkənin Donetsk və Luqansk şəhərinin morqlarına 200 nəfərdən çox insan cəsədi gətirilib.
Ukraynanın səhiyyə naziri Oleq Musiy jurnalistlər üçüç keçirilən mətbuat konfransında deyib ki, mayın 5-dən bu günə kimi keçirilən əməliyyatlarda 2 uşaq, 9 qadın və 200 kişi dünyasını dəyişib. Oleq Musiyin deyib ki, onlarda itkin düşənlər yaralılar barədə də məlumatlar var.
Buna görə, söylənilən bu rəqəmlər ölən şəxslərin tam siyahısı deyil.
Ukraynada isə vəziyyət hələ sabitləşmir. Dünən verilən məlumata görə, Ukraynanın yeni formalaşmış Milli Qvardiyasının bir taborunun üzvləri Slavyanskdan Kiyevə üz tutublar. Onların məqsədi Ali Rada qarşısında etiraz aksiyası keçirməkdir.
Qiyam etmiş 50-yə yaxın döyüşçü əsasən keçmiş Maydan fəallarındandır. Söhbət Milli Qvardiyanın I taborundan gedir. Həmin tabor xeyli müddətdir ölkənin ən qaynar nöqtələrindən olan Slavyanskda anti-terror əməliyyatlarında iştirak edib. Lakin bir neçə günlüyə dincəlmək üçün arxaya göndərilən döyüşçülərə məlum olub ki, rəsmi sənədlərdə onların hərbi əməliyyatlarda iştirakı qeydə alınmayıb. Əksinə, bütöv bir taborun guya arxada - Pavloqrad şəhərində qaldığı yazılıb.
Son məlumatlara görə, Milli Qvardiya Komandanlığı qiyamçı hərbçilərin döyüşməsi barədə bütün lazımi qeydlərin aparılacağını vəd edərək, onları geri çağırıb.
"Rusiyanın səsi" isə xəbər verir ki, Ukrayna Rusiya ilə şərq sərhədləri bağlamaq istəyir. Bu barədə Rusiyanın Ukraynadakı rəsmi nümayəndəsi Anton Qeraşenko məlumat verib.
A.Qeraşenko bəyanatında bildirib ki, Ukrayna rəsmiləri silahlı separatçıların Rusiya sərhəddindən keçdiyini iddia edirlər: "Başqa variantları nəzərdən keçirdiyimiz müddətdə sərhədlər dərhal bağlanmalıdır. Hazırda lazımlı tədbirlər və metodlar dəyərləndirilir". Bundan əvvəl də Ukrayna hökuməti ölkə hərbçiləri və separatçılar arasında döyüş gedən şərq bölgələrin Rusiya ilə sərhəddini bağlamaq qərarına gəlib.
Artıq Rusiya ilə sərhəddə Ukraynaya səkkiz giriş məntəqəsi bağlanılıb.
Qeyd edək ki, Ukrayna və Rusiya prezidentlərinin Fransada görüşündən sonra iki ölkə arasında böhrana son qoymaq üçün danışıqlar gedir.
Ukraynanın Donetsk vilayətinin böyük bir hissəsini su ilə təmin edən su anbarı partladılıb.
Partlayış nəticəsində anbarda çalışan 2 nəfər həlak olub.
Partlayışdan sonra anbara axan Şimali Donetsk çayının istiqaməti dəyişib və çayın suyu anbara gələmdiyinə görə hazırda anbarda su azalmaqdadır.
Kramatorsk şəhərində yaşayan ukraynalı jurnalist Aleksandır Oleynikin şəxsi facebook profilindən məlumat yayaraq bildirib ki, partladılan su anbarı Mariopul, Makievka, Volmovaxa, Kramatorsk şəhərlərini su ilə təmin edirdi.
Jurnalistin sözlərinə görə, yaşadığı şəhərdə insanlar panikadadırlar, hadisədən xəbər tutan insanlar şəhəri tərk edirlər.
Digər bir məlumata görə, Ukraynanın paytaxtı Kiyevdə bir qrup şəxs Dövlət Sərhəd Xidmətinin (DSX) binasına hücum edərək, komandanlığın istefa verməsəini tələb edir.
Hücum edənlər DSX-nin ölkənin şərq bölgəsindəki fəaliyyətinə etirazlarını bildirir.
Etiraz edənlər DSX komandanlığının istefasını tələb etməklə yanaşı onları satqınçılıqda da ittiham edirlər.
Xidmətin binasının təhlükəsizliyinin təmin olunması üçün əraziyə zirehli maşınlar cəlb olunub.
Hərbi geyimli bu şəxslər özlərini "Maydan" hərəkatının fəalları adlandırır.
DSX rəisinin müavini aksiya iştirakçıları ilə danışıqlar aparmaq üçün onlara yaxınlaşıb.
Almaniyanın "DPA" agentliyi isə Almaniya Konstitusiyası Mühafizəsi İdarəsi üzrə Federal İdarəyə istinadən xəbər verir ki, Rusiya xüsusi xidmət orqanları Ukrayna ilə münaqişəyə görə Almaniyada casus fəaliyyətini gücləndirib.
İdarə rəhbəri Georg Maassenanın sözlərinə görə, rəhbərlik etdiyi qurum Ukrayna böhranının potensial siyasi, iqtisadi və hərbi nəticələri haqqında informasiyalar toplamağa çalışan Rusiya xüsusi xidmət orqanlarının cəhdlərini qeydə alıb. O bildirib ki, Rusiya xüsusi xidmət orqanları xüsusi olaraq Moskvanın Ukrayna siyasətinə Avropa Birliyi və NATO-nun mümkün cavab tədbirləri, həmçinin Avropanın energetika siyasəti barəsində informasiya toplamağa çalışır.
G.Maassena qeyd edir ki, Rusiya xüsusi xidmət orqanlarının Almaniya ərazisində fəaliyyəti yalnız təmiz informasiyanın alınması ilə məhdudlaşmır. Almaniya Konstitusiyası Mühafizəsi üzrə Federal İdarənin rəhbəri ölkənin ictimai rəyinə təsir etmək istədiklərini də dilə gətirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ABŞ Dövlət katibi Con Kerri ilə telefonla danışığında deyib ki, Ukrayna hökuməti hərbi əməliyyatı dayandırmalı və ölkənin şərqində separatçılarla atəşkəsə razılaşmalıdır.
Ukraynanın yeni prezidenti isə bildirir ki, rusiyayönlü separatçılar silahları yerə qoymağa razılaşsalar, o, danışıqlara hazırdır. Poroşenkonun mətbuat xidmətinin yaydığı məlumata görə, o, Donetskin qubernatoruna deyib ki, "müxtəlif tərəflərlə dəyirmi masa danışıqlarını" istisna etmir. Poroşenko ABŞ vitse-prezidenti Coe Baydenli telefonla danışıb, deyib ki, Moskva Ukraynanın qanuni liderini tanımalı, rusiyayönlü separatçılara dəstəyini dayandırmalı, silahların sərhəddən keçirilməsinin qarşısını almalıdır.
Hazırda Ukraynada olan ekspert Elçin Qurbanov bildirib ki, Ukraynada siyasi gərginlik azalan xətt üzrə inkişaf etməkdədir. Demək olar ki, stabildir. Xalq yaşanan siyasi böhrandan sonra qətiyyən apatiya vəziyyətinə düşməyib, yeni seçilən prezidentdən çox şeylər gözləyir. Əksər ukraynalı sanki bir qədər tələsir. Amma xüsusi dəyişikliyin baş verəcəyinə ümid etməyənlər də var: "Məsələ ondadır ki, Ukrayna şərqi Avropa dövləti olsa da xarici valyuta kimi ölkədə dominantlıq edən dolların konvertasiya kursu bir neçə gün öncə 14 qrivni, hazırda isə 12 və 11.50 qrivn civarlarında dəyişir. Bu da o deməkdir ki, bahalaşma vətəndaşların yaşayış səviyyəsinə təsirsiz ötüşmür. Amma iqtisadi vəziyyətin yaxşılaşmasına ümid etmək olar. Əgər bu hadisələr başqa ölkələrdə baş versəydi, bundan xeyli pis iqtisadi böhran vəziyyəti yaşana bilərdi. Ölkənin bir ilə yaxın yaşadığı siyasi böhran vəziyyətindən belə üzü ağ çıxmasında seçilmiş prezidentin xidmətləri az deyil. Ukraynada keçirilən seçkilərin nəticələrini ABŞ, Avropa, hətta Rusiya belə tanıdı. Bu da təsadüfi deyil. Hazırda Ukraynada Krımı qaytarılacağına inananlar belə var. Məncə, bu inamı əsassız hesab etmək doğru olmaz. Bilirsinizmi, hazırda dünyada danılmaz bir gerçəklik var; o da bundan ibarətdir ki, müsəlman ölkələrində siyasi gərginliyin aradan qaldırılmasında dünya maraqlı deyil. Amma gördüyünüz kimi, Ukraynanın dostu çoxdur. Suriyada yüz mindən çox insan qətlə yetirilir, hələ də beynəlxalq siyasi iradə hiss edilmir. Dövlət sırasından çıxmış müsəlman ölkələrindən hələ danışmıram. Ukraynada isə vəziyyət qısa zaman kəsiyində normallaşır. Bütün bunlar dünyanın siyasi iradə sahiblərinin dövlətlərə və millətlərə fərqli yanaşmasının nəticəsidir".