“İvanişvili və Baxtadze artıq bir komandada fəaliyyət göstərməli olacaqlar” Dünya

“İvanişvili və Baxtadze artıq bir komandada fəaliyyət göstərməli olacaqlar”

"Gürcüstanda elə də köklü dəyişikliklər baş vermir. Nəzərə alsaq ki, ora parlament Respublikasıdır və orda prezidentin səlahiyyətləri bir qədər məhduddur".
Bu fikri politoloq Tofiq Abbasov Gürcüstanda yeni prezidentin seçilməsindən sonrakı siyasi vəziyyətdən danışarkən deyib.
O bildirib ki, Gürcüstanda ölkə islahatlarının müqəddəratına bilavasitə cavabdehliyi baş nazir daşıyır: "Prezidentin də funksiyaları var, amma Zurabişvilinin qələbəsindən sonra elə də böyük dəyişiklik baş verməyəcək. Sadəcə qanunverici orqanın rəhbəri kimi prezident gərək qanunların, bəzi hüquqi aktların həyata keçirilməsi ilə bağlı nəzarəti gücləndirsin və öz tövsiyələrini hökumətə versin. Georgi Marqvelaşvilinin də dövründə gördük ki, Gürcüstanın siyasətində, daxildə gedən proseslərdə prezidentin orda həlledici rolu yoxdur. Buna baxmayaraq, prezidentin öz yeri və rolu var. O çalışmalıdır ki, ölkənin qanunverici sistemi daim təkmilləşsin, yenilənsin. Digər tərəfdən həm şəhərdə, həm mərkəzdə, həm də əyalətlərdə gedən proseslərdə islahatların rolu artsın".
Politoloq hesab edir ki, hakim partiya olan Gürcüstan Arzusunun sədri Bidzina İvanişvili və baş nazir Mamuka Baxtadze artıq bir komandada fəaliyyət göstərməli olacaqlar: "İvanişvilinin də, Baxtadzenin də seçimi Salome Zurabişvilidir. Demək olar ki, onlar öz məqsədlərinə çatdılar. Qriqol Vaşadze bu qələbəyə nə qədər kölgə salmaq istəsə də düşünmürəm ki, Gürcüstanda vəziyyət köklü surətdə dəyişə. Çünki sabitlik qorunub saxlanılır. Saakaşvilinin çağırışlarının heç bir təsiri olmayacaq və vəziyyət öz sabitliyini saxlayaraq yeni prezident də öz fəaliyyətinə başlayacaq".