Ukrayna prezidenti Slavyanska gedib Dünya

Ukrayna prezidenti Slavyanska gedib

Terrorçulardan azad edilmiş şəhərdə Poroşenkoya sui-qəsd planlaşdıran iki diversiya qrupu aşkarlanaraq zərərsizləşdiril

Ukrayna prezidenti Pyotr Poroşenko dünən Donetsk vilayətinin Slavyansk şəhərinə gedib. Bu barədə Donetsk vilayəti dövlət administrasiyasının mətbuat xidmətinin məlumatında bildirilir.
"Dövlət başçısı yerli sakinlərlə görüşü zamanı hakimiyyət orqanlarının şəhərdə normal həyatın tez bir zamanda bərpa olunması üçün əlindən gələni etdiklərini bildirib", deyə məlumatda bildirilib.
Məlumata görə, P.Poroşenko Slavyanska səfəri çərçivəsində Donetsk vilayətində keçirilən antiterror əməliyyatı zamanı fərqlənən hərbçiləri mükafatlandırıb.
Ukrayna prezidentinin göstərişi ilə separatçılardan azad olunmuş Slavyanska elektrik enerjisinin verilişi bərpa olunub. Bundan əvvəl Poroşenko təqaüd və müavinətlərin Slavyanska gətirilib paylanmasının təmin edilməsinə dair göstəriş verib. Bundan başqa, Ukrayna prezidenti yerli hakimiyyət orqanlarına yaşayış fondunu tez bir zamanda bərpa etməyi tapşırıb.
Ukrayna prezidenti Slavyanskda bəyan edib ki, yaxın zamanda Donetsk və Luqanska getmək arzusundadır. O, həmçinin Ukrayna ordusunun uğurlu əməliyyat keçirəcəyinə əmin olduğunu bildirib.
Ukrayna prezidenti həmçinin onun iyunda irəli sürdüyü sülh planının həyata keçiriləcəyinə tam əmin olduğunu qeyd edib.
Lakin terrorçulardan azad edilmiş Slavyanska səfər heç də təhlükəsiz şəraitdə baş tutmayıb. Ukrayan prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko özünün "Facebook" səhifəsində prezident Poroşenkoya sui-qəsd planlaşdıran iki diversiya qrupu aşkarlanaraq zərərsizləşdirildiyi barədə məlumat yayıb. S. Tseqolko bildirib ki, iyulun 8-də dövlət başçısının separatçılardan azad edilmiş Slavyansk şəhərinə səfərindən bir qədər əvvəl iki diversiya qrupu aşkarlanaraq zərərsizləşdirilib. Mətbuat katibi prezidentin adından aşağıdakı açıqlamanı verib: "Slavyansk şəhərinə gəlişimdən 40 dəqiqə əvvəl terror aktı planlaşdırılan iki diversiya qrupu aşkarlanıb. Onların hamısı saxlanılıb".
Hələlik əməliyyatın detalları haqda əlavə məlumat verilmir.
Poroşenkonun separatçılardan təmizlənmiş Slavyanska səfəri ərəfəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəsmi nümayəndəsi Andrey Lısenko bDonetsk və Luqanskda hərbi əməliyyatların anonsunu verib. O bildirib ki, Ukrayna ordusu Donetsk və Luqanskı aviasiya və artilleriya cəlb etmədən azad etməyə əsaslı şəkildə hazırlaşır: "Hazırda terrorçuların cəmləşdiyi şəhərlərin bloklanması istiqamətində fəal tədbirlər görülür. Bu şəhərlərə aparan bütün yolların bağlanması ilə bağlı işlər görülür. Donetsk və Luqansk şəhərlərinin azad olunması ilə bağlı hazırlıq işləri davam edir. Hazırlıq çox əsaslı şəkildə aparılır, çünki prezident bu şəhərlərdə aviasiya və artilleriyadan istifadə etməyi qadağan edib.
Aviasiya və artilleriyanın dəstəyi olmadığı təqdirdə əməliyyata bütün ordu birləşmələrinin cəlb edilməsi nəzərdə tutulub. Terrorçuların hansı obyektləri ələ keçirdiyi, hansı küçələrdə postlar qurması, onların özlərinin və silah-sursatlarının hansı nöqtələrdə yerləşməsi barədə bizdə bütün məlumatlar var".