İranın təhdid mesajları: nə baş verir? Dünya

İranın təhdid mesajları: nə baş verir?

İran bir neçə gündür ki, Azərbaycanla sərhəddə təlimlər keçirərək, Bakıya təhdid mesajları verir. Azərbaycan həmişə İranla münqsibətlərində qonşuluq prinsiplərini rəhbər tutub, İranın ən çətin dönəmlərində belə xarici təzyiqlərə baxmayaraq bütün istiqamətlərdə münasibətlərini qoruyub saxlayıb. Belə olduğu halda İranın bu cür mövqe sərgiləməsdi maraqlı görünür. Ekspertlərlə söhbətimizdə rəsmi Tehranın bu addımının səbəblərini araşdırmağa çalışdıq...

“Bakı ilə güc dilində danışması bumeranq effekti verə bilər”

Politoloq Əli Orucov bildirdi ki, İranın Azərbaycanı təhdid etməsi yeni hadisə deyil: “Biz İrandan bu kimi addımları dəfələrlə görmüşük. İstər rəsmi, istər qeyri rəsmi şəxslərin dilindən də hədə qorxu bəyanatları da Xəzər üzərindən hava məkanımıza soxulan təyyarələri də eşitmiş və görmüşük”. Eskpert diqqətə çatdırdı ki, rəsmi Tehran bu günədək də Azərbaycanı felən suveren dövlət kimi qəbul etməyib: “Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsini də güc nümayişi kimi qəbul edirəm. İran nə öz konstitusiyasına, nə beynəlxalq hüquq normalarına nə də Azərbaycanın da üzv oldu İslam Əməkdaşlıq Təşkilatının prinsiplərinə qətiyyən əməl etmir. Əksinə hər vəhclə Azərbaycanı sıxışdırmağa özünün vassalına çevirməyə can atır. Bu məqsədinə çatmaq üçün şeytanla da əməkdaşlıq etməyə hazır görünür. Daha doğrusu erməni kimi şeytanla hərtərəfli əməkdaşlığı var. İran həm də Azərbaycan-Türkiyə əlaqələrinin daha da dərinləşməsinə təkcə qısqanclıqla yanaşmır, hətta bundan qıcıqlanır”.
Politoloq bildirib ki, bunun bir səbəbi iki qardaş dövlətin birlikdə regionda əsas güc sahibinə çevrilməsi ilə yanaşı gələcəkdə Güneydəki milli oyanışın və milli hərəkatın geniş vüsət alan biləcəyindən doğan qorxudur: “Amma İran hər nə qədər əzələ nümayiş etdirsə və Azərbaycanı təhdit etməyə çalışsa da bu mənasızdır. Əksinə, bu addım İran-Azərbaycan münasibətlərinə kölgə sallr. Türkiyə və Pakistan kimi müttəfiqləri olan Bakı ilə İranın güc dilində danışması və sərhəddə hərbi təlimlər keçirməsi mənasızdır. İran əvvəlki kimi özbaşınalıq prinsipi ilə hərəkət edə bilmir. Bütün bunlar fars molla rejimini əsəbləşdirir, özündən çıxarır. Amma ehtiyatı da əldən vermir. Çünki qorxur ki Bakı ilə hərbi güc dilində danışması bumeranq effekti verə bilər. Ona görə də İran nə istəyir etsin Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq ən yüksək səviyyədə olmalıdır. Azərbaycan ordusu NATO standartlarına cavab verən bir orduya dönüşməlidir. Bizim təhlükəsizliyimiz bunu diqtə edir”.

“İran yenə də hərbi xarakterli mesajlar verməyə çalışır”

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Araz Aslanlı dedi ki, Azərbaycan-İran münasibətləri hr iki ölkə üçün böyük önəm daşıyır: “Amma təəssüf ki, Azərbaycanın müstəqilliyinə qovuşma mərhələsindən etibarən biz İranın həm geniş mənada regiona, xüsusi olaraq Azərbaycan Respublikasına və onun ərazi bütövlüyü ilə bağlı yaranmış problemə yanaşmasında qeyri-dəqiqlik, beynəlxalq hüquqa uyğun olmayan məqamlar gördük”. Siyasi şərhçi diqqətə çtdırdı ki, İran Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə, Ermənistanın işğalçılıq siyasətinə daha obyektiv, daha ədalətli, eyni zamanda tarixi münasibətlərin ruhuna uyğun şəkildə yanaşmalı idi: “Amma biz bunu görmədik. İranın yanaşması nə beynəlxlq hüquqa, nə də qonşuluq münasibətlərinin ruhuna, o cümlədən tarixi bağlara uyğun deyildi. Biz, bunu həm birinci Qarabağ müharibəsi zamanı, həm atəşkəs dövründə, həm də 44 günlük Vətənb Müharibəsi dövründə gördük. Bu da təbii ki, Azərbaycan dövlətində və cəmiyyətində narahatlıq yaratdı və bu da İranın diqqətinə çatdırıldı. İran 44 günlük Vətən Müharibəsinin sonuna doğru özünü bu məqamları anladığı kimi göstərdi. Ən azı İranın bu dönəmdə verdiyi açıqlamalar daha müsbət və beynəlxalq hüquqa, ən azı münasibətlərin tarixinə və gələcək perspektivlərinə daha uyğun görünürdü. Amma sonradan gördük ki, İran yenə də hərbi xarakterli müəyyən mesajlar verməyə çalışır. Azərbaycan sərhəddində hərbi təlimlər keçirməklə təhdidedici mesajlar verir ki, bu da sanki İranın əvvəlki dövrlərə geri qayıtdığını göstərir”.

“İki ölkə arasındakı münasibətlərin gələcəyi üçün imkan hələ də qalır”

Araz Aslanlı əlavə etdi ki, İranda yeni seçilmiş prezidentdən belə gözlənti var idi ki, o, əvvəlki yanlşlardan nəticə çıxaracaq: “Əvvəlki yanlış siyasətlərin nəticəsiz olduğunu anlayacaq”. Politoloqun fkrincə, yeni hökumət başçısından gözlənilən o idi ki, Cənubi Qafqazın və Azərbaycan-İran münasibətlərinin gələcəyi ilə bağlı daha konstruktiv bir mövqe seçiləcək: “Ümid edilirdi ki, İranın yeni prezidenti, ümumiyyətlə İran hakimiyyəti və bütün güc mərkəzləri reallıqları daha doğru dəyərləndirəcəklər. Regionda gedən quruculuq proseslərinə, sülhün və əməkdaşlıq mühitinin daimi olmasına töhfə verəcəklər. Əslində bu imkan hələ də qalır. Amma atılan addımlar, təhdid mesajları vermək doğru deyil”.

“Azərbaycan-Türkiyə əməkdaşlığında daim konstruktiv xətt ön planda olub”

Türkiyə-Azərbacan münasibətlərinin inkişafının İranı qıcıqlandırıb-qıcıqlandırmasığına gəlincə ekspert vurğuladı ki, Azərbaycan-Türkiyə əməkdaşlığında daim qurucu, konstruktiv xətt ön planda olub. Onun sözlərinə görə, 1991-ci ildən sonra Azərbaycan Türkiyə ilə regionda bir çox güclər dağıdıcılıqla, hərbi xarakterli addımlarla hərbi ittifaqlar yaratmaqla məşğul olanda Azərbaycan Türkiyə ilə iqtisadi, transport, enerji layihələri reallaşdırırdı. Azərbaycan-Türkiyə daim sülh təşəbbüsləri ilə çıxış edirdi. Amma digər tərəflər dağıdıcılıq prinsiplərini davam etdirdilər. İndi də əslində Azərbaycan və Türkiyə sülhü, əməkdaşlığı ön plana çıxarır. Regionun sülh regionu olması üçün çalışır, amma təbii, buna mane olmaq istəyənlər də var”.

“İşğalçılıq siyasəti aparmaq istəyənlər hərbi gücümüzü görəcəklər”

Mərkəzi rəhbəri əlavə etdi ki, Azərbaycan və Türkiyənin həyata keçirdiyi birgə hərbi təlimlər bu günə qədər olan yanaşmanın davamıdır. “Bu yanaşma nədən ibarət idi? Biz, sülhü qoruyacağıq, əməkdaşlıq mühiti yaradacağıq, beynəlxalq hüququn tam bərpa olması üçün çalışağacağıq”,- deyən siysi ekspert bildirib ki, amma kimlərsə dağıdıcı davranmaq, sülh mühitini pozmaq, işğalçılıq siyasəti aparmaq istəyirsə onlar qarşısında bizim hərbi gücümüzü, dəmir yumruğumuzu da görəcəklər: “Yanaşma bundan ibarətdir. Hazırki Türkiyə-Azərbaycan hərbi təlimləri də əslində eyni yanaşmanın davamıdır. Yəni burada xüsusi olaraq hansısa dövlətə güc göstərmək, mənfi mesaj vermək məqsədi yoxdur. Məqsəd kimsə regionda dağıdıcılıqla, qeyri-sabitlik yaratmaqla məşğul olacaqsa bunun qarşısını almaqdır. Türkiyə-Azərbaycan İttifaqı bütün sahələrdə əməkdaşlıq etməklə başqalarını narahat etməyə, zərər verməyə hesablanmayıb. Amma regionda kimsə zərərvermə siyasəti həyata keçirməyə cəhd edəcəksə bu güc onun qarşısında olacaq”.

“Əsas məqsəd Azərbaycana güc nümayiş etdirməkdir”

“İranın atdığı son addımlar təkcə iki ölkə arasındakı münsibətlərə deyil, ümumiyyətlə bölgədə gedən, siyasi, hərbi, iqtisadi proseslərə adekvat deyil”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. S.Hümbətov bildirb ki, İran özünü müsəlman dövləti adlandırmasına baxmayaraq Azərbaycana qarşı təxribata rəvac verdi: “Təkcə İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər deyil, eyni zamanda bu günə qədər Azərbaycana qarşı törətdiyi təxribatları intensiv hal alıb. Avqustun 11-dən sentyabrın 11-nə qədər olan bir aylıq müddət ərzində İrana məxsus 58 yük maşını Azərbaycanın icazəsi olamadan Laçın dəhlizi vasitəsilə qondarma rejimin və “rus sülhməramlıları”nın müvəqqəti dislokasiya olduğu Azərbaycanın tərkib hissəsi olan Xankəndiyə daxil olub”.
Onun sözlrinə görə, İran Azərbaycanın Türkiyə və Pakistanla birgə hərbi təlimlərindən sonra öz ağlınca Azərbaycana qarşı əzələ nümayiş etdirmək istəyir: “Təlimləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə yaxın bir yerdə təşkil edirsə deməli burada əsas məqsəd Azərbaycana güc nümayiş etdirməkdir. Düşünmürəm ki, bu tipli addımlar Azərbaycanın gözünü qorxudacaq, və ölkəmiz bu məsələdə İrana hər hansı bir güzəştə gedəcək”.

İran üçün potensial təhlükə

Politoloqun fikirncə, Türkiyə və Azərbaycanın Naxçıvanda başlatdığı hərbi təlimlər ona hesablanır və İrana açıq, qəti şəkildə mesaj verir ki, istənilən an Türkiyə və Azərbaycan bir yerdədir: “Azərbaycana qarşı edilən həmlə eyni zamanda Türkiyəyə qarşı həmlədir. Bu həm də sözlə deyil,eyni zamanda sənəd şəklində də öz təsdiqini 15 iyun 2021-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında Şuşada Şuşa Bəyannaməsinin imzalanması ilə öz təsdiqini tapdı. Hesab edirəm ki, bu tipli addımlar İrana mesaj idi. Artıq İranın Azərbaycana təzyiq etmək üçün hərbi, syasi və iqtisadi potensialı yetərsizdir. Hesab edirəm ki, bu mənada İranın Azərbaycanla sərhəddə təlim keçməsinin prinsip etibarilə heç bir təsiri olmayacaq. İran istəsə də Azərbaycana qarşı hər hansı neqativ addım ata bilməz. Ən azı orada yaşayan 40 milyon soydaşımızın statusunu nəzərə alaraq İranın bu addımı atmasını gözləmək absurd olar. Əgər İran Azərbaycana qarşı hər hansı bir addım atarsa ilk növbədə İranın daxilində ciddi problem yarana və İranın parçalıanması sürətlənə bilər. Həm də xaricdə İrana qarşı birləşən dövlətlərin sayı getdikcə artar. Esab edirəm ki, az da olsa İrtanda siyasi strateqlər var və onlar da yaxşı başa düşürlər ki, Azərbaycanla yalnız dostluq və mehriban qonşuluq, əməkdaşlıq münasibətləri yaradılmalıdır. Bunun kənarında Azərbaycana qarşı mənfi addım atılması İranın özü üçün potensial təhlükədir”.

Əli Zülüfqaroğlu