
Ermənilər Sarkisyannın iqamətgahını mühasirəyə alacaq
Cavid
Ermənistanda vəziyyət yenidən gərginləşib. Bu dəfə də ermənilər Sarkisyan hakimiyyətinə etirazını bildirməkdədir. Buna səbəb isə elektrik enerjisi qiymətinin qaldırılması olub. Qeyd edək ki, avqustun 1-dən Ermənistan istehlakçıları istifadə etdikləri 1 kilovat-saat elektrik enerjisi üçün 16 faiz artıq ödəməli olacaqlar. Ermənistan Elektrik Şəbəkələri (EEŞ) şirkətinin ərizəsini qismən təmin edərək, İctimai Xidmətlərin Tənzimlənməsi üzrə Komissiya (İXTK) elektrik enerjisi tarifini təxminən 7 dram artırılmasının lehinə səs verib. EEŞ tarifləri 17 dram artırmaq üçün müraciət etmişdi. Beləliklə Ermənistan istehlakçıları gündüz saatlarında 1 kilovat-saat elektrik enerji üçün 48,78 dram (təxminən 10,3 cent), gecə saatlarında (23:00-dan - 7:00-dək) – 38,78 dram ödəməli olacaqlar. Komissiyanın iclası İXTK binası önündə etiraz aksiyası ilə müşayiət olunub. Aksiya iştirakçılarının çağırışları və şüarları ilə iclas zalına daxil olmaq cədlərinin qarşı xüsusi polis dəstələri tərəfindən alınıb. İXTK qərarı elan olunduqdan sonra komissiya binası istiqamətində yumurta və pomidor atmağa başlayan bir neçə gənc tutulub polis şöbələrinə aparılıb, lakin 2-3 saatdan sonra sərbəst buraxılıblar. Hakim Respublikaçılar Partiyasından başqa əksər siyasi və ictimai təşkilatlar elektrik enerjisi tarifinin artırılması ilə bağlı narahat olduqlarını bildiriblər. Enerji tariflərinin qalxması etiraz aksiyaları ilə müşayiət olunur. Məsələnin Milli Məclisdə müzakirəsi zamanı qeyri-hökumət parlament fraksiyaları EEŞ şirkətinin öz "yaramaz menecmenti ucbatından" əmələ gəlmiş borclarının ödənilməsini "əhalinin boynuna" qoyulmasına qarşı çıxışları və şirkətin fəaliyyətinin təftiş edilməsi tələbləri bir nəticə verməyib. İctimai fəallar əhalini etiraz və itaətsizlik aksiyaları ilə bütün əsas ərzaq və məişət mallarının bahalaşmasına gətirəcək elektrik enerji tarifinin artırılmasına yol verməməyə çağırır. Ötən ayın sonunda fəalların təşəbbüsü ilə keçirilən izdihamlı mitinq və yürüşə müxtəlif ictimai və siyasi təşkilatlar da birləşmişdi. Növbəti mitinq və yürüş iyunun 19-da olub. İrəvanını Azadlıq meydanında elektrik enerjisi tariflərinin qalxmasına qərarına qarşı başlanmış oturaq tətil davam edir. Aksiya iştirakçıları hər gecə meydanda 300 nəfərədək adam qaldığını deyirlər. Fəal Muşeğ Şuşanyanın sözlərinə görə, tətildə iştirak edənləri ərzaq və su ilə təmin etmək məqsədilə ianə yığmaq üçün meydanda xüsusi qutu qoyulub və artıq 300 min dramdan çox (təxminən 630 dollar) pul toplanıb. "Tətil və etiraz aksiyaları davam edəcək. Gələcək addımlarımız hakimiyyətin reaksiyasından asılıdır", - Şuşanyan deyib. Mitinq iştirakçıları, tələbləri yerinə yetirilməzsə, etiraz aksiyasını prezident iqamətgahı önündə davam etdirmək qərarına gəliblər. Aksiya iştirakçıları bu gün iş gününün sonunadək İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası (İXTK) tərəfindən qəbul olunmuş elektrik enerjisi qiymətinin təxminən 16 faiz qaldırılması haqqında qərarın ləğv edilməsini tələb edirlər. Ekspertlərin fikrincə, əslində Sərkisyanın hakimiyyətdə qalma və ya prezidentlikdən getdikdən sonra siyasi proseslərə təsir imkanları çox aşağı düşüb. Son günlər elektrikin qiymətinin artırılması ona olan ümidin bir az daha itirilməsinə səbəb olub. Buna görədir ki, artıq İrəvan küçələri etiraz aksiyalarının meydanına çevrilib. Üstəlik, Sərkisyan Rusiyanın da ümidlərini puç edib. Çünki İrəvandakı etiraz aksiyaları digər bir tərəfdən də Moskvaya qarşı yönəlmiş mitinqlər kimi anlaşılır. Gümrü olayları, Sərkisyanın Ermənistan ictimaiyyətinə təsir imkanlarının aşağı düşməsi Rusiyanı narahat edir. Digər bir tərəfdən isə sabiq prezident Köçəryan aktivləşib. Onun son Qarabağ səfəri, burada qondarma rejimin eks-lideri Arkadi Qukasyanla səmimi söhbəti və bir çox erməni nazirinin onun qəbuluna yazılması Sərkisyanın qorxularının daha da artmasına səbəb olur. Əslində Moskva üçün də hazırkı zamanda real namizədlər sırasında Robert Köçəryanın adının olması məqbuldur. Sərkisyanı qorxuya salan üçüncü amil isə geosiyasi şəraitdir. Qarabağda ard-arda məğlubiyyət, üstəlik, Bakının İrəvanı siyasi-blokadada saxlaması, Gürcüstanla münasibətlərin Rusiya ucbatından pis olması, Türkiyənin Azərbaycana dəstəyini artırması, İranın isə başının üzərini qara buludlar alması (Yəmən böhranı, nüvə danışıqları, İŞİD və kürd probleminə görə - İ.H.) İrəvanı çətin duruma salıb. Bundan başqa: Rusiyanın üzərinə hücumların artması Ermənistan üçün gələcəkdə heç də yaxşı günlər vəd etmədiyini göstərir. Sərkisyanın narahat olduğu məqam da buradır. Ermənistan prezidenti anlayır ki, istənilən halda ona dəstək verə biləcək əsas iki qüvvə - Rusiya və Qərb onun yanında olmayacaq. Səbəb isə sadədir - Qərb Sərkisyanı "sentyabr qərarı"na görə bağışlamır. Rusiya isə arxasında dayandığı adama etimadını itirib. İrəvandakı aksiyaları şərh edən politoloq Qabil Hüseynli vurğulayıb ki, düşmən ölkədə bu kimi etirazların güclənməsi işğalçı rejimi danışıqlar prosesində daha üzüyola edə bilər: "Nümayişlər onu göstərir ki, Ermənistan hakimiyyət dəyişikliyi ərəfəsindədir. Zənnimcə, bütün bu hadisələr Ermənistanın əl-qolunu bağlayan məsələlərdəndir".
Ekspertin sözlərinə görə, hazırda Ermənistanda vəziyyət çox ağırdır: "Ölkəni işsizlik, yoxsulluq bürüyüb. Qiymətlər daim qalxır. Bir tərəfdən də, əhalinin etiraz dalğası getdikcə daha geniş vüsət alır. Bütün bunlar gec-tez Ermənistanda ağır sosial partlayışa gətirib çıxaracaq. Bir çox politoloqlar bu mənada nahaq yerdən sentyabr ayını hədəf kimi göstərmirlər".
Ekspert Nail Cəlilin fikrincə isə Ermənistanda baş verənlər Sarkisyan hakimiyyətinin sonununun yaxınlaşdığına bir işarədir: "Ermənistan Rusiyanın özü üçün də artıq maraqlı deyil. Ermənistanda nə qaldıb ki, rəsmi Moskva ondan yararlansın. Əhali ölkədən qaçır, iqtisadfiyyat tam iflic olub. Erməni diaspor təşkilatları da daha Sarkisyan hakimiyyətinə ianə vermir. Mənə elə gəlir ki, tezliklə Sarkisyan yenidən hökumətin tərkibində dəyişiklik edəcək. Necə ki Müdafiə Nazirliyində edib. Amma bu da onun dadına çatmayacaq. Sarkisyanın xilası Qarabağdan qoşunlarını çəkməkdir. Nə qədər ki, Qarabağ işğal altındadır Ermənistan daim çalxalanacaq".