Gəncləri və qadınları sülh quruculuğuna cəlb etməliyik - ASEAN rəsmisi Hadisə

Gəncləri və qadınları sülh quruculuğuna cəlb etməliyik - ASEAN rəsmisi

Dialoq sülh və təhlükəsizlikdə müəyyən rol oynayır.

Trend xəbər verir ki, bu barədə ASEAN Sülh və Barışıq İnstitutunun icraçı direktoru, səfir cənab Qusti Aqunq Vesaka VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” adlı panel sessiyasında çıxışı zamanı deyib.

“Sülhə əsaslanan cəmiyyətlərin qurulması vacib amaldır. Lakin buna bir gündə nail olmaq mümkün deyil. Tolerantlığın təşviq edilməsi bu istiqamətdə mühüm rol oynayır.

Gəncləri və qadınları müəyyən mənada sülh quruculuğuna cəlb etməliyik. Qadınların səlahiyyətləndirilməsi cəmiyyətlər üçün yeni yol aça bilər. Bu, inkişafa töhfə verən məsələdir”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.