Şanlı tarix: Güney Azərbaycanda May Qiyamından 18 il ötür Güney Azərbaycan

Şanlı tarix: Güney Azərbaycanda May Qiyamından 18 il ötür

İran dövlətinin rəsmi orqanı olan “İran” qəzeti 12 may 2006-cı il tarixli sayında türkləri böcək kimi təsvir edən karikatura dərc etməsi Güney Azərbaycanda böyük narazılıq doğurmuşdu.

Gunaz.tv

Azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə eyləmlərə başlamışdılar.

Təbriz, Urmu, Ərdəbil, Sulduz, Mərənd, Xoy, Makı, Miyana, Meşginşəhr və s. kimi şəhərləri qısa müddətdə kütləvi etirazlar bürüdü və bu vəziyyət günlərlə davam etdi.

İran hüquq-mühafizə orqanları isə gücdən istifadə edərək, dinc şəkildə keçirilən etiraz aksiyalarını dayandırmağa çalışdı.

Həmin etirazlarda onlarla soydaşımız İran rejiminin təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid oldu, yüzlərlə insan yaralanıb və çoxsaylı etirazçı həbs edildi.

İran xüsusi xidmət orqanları hadisədən bir neçə ay sonra da kütləvi həbsləri davam etdirdi.

Sözü gedən qanlı etiraz aksiyaları 22 May hadisələri (1 Xordad hadisələri) və Milli Qiyam adı ilə Azərbaycan tarixinə düşdü.

May hadisələrinin baş verməsi “İran” qəzetinin təhqirə yol verməsi ilə başlasa da, fars şovinizminin illər boyu azərbaycanlılara qarşı təzyiqləri ilə əlaqədar olub.

Şərhçilərin fikrinə görə, Azərbaycan xalqının fars şovinizmi və İran rejimindən cana gəlməsi onların “İran” qəzetinə bu şəkildə sərt reaksiya verməsinə səbəb oldu.

2006-ci il may hadisələri bölgə və dünya mətbuatında da öz əksini tapdı. Artıq 18 ildir ki, azərbaycanlılar, xüsusi ilə də Azərbaycan Milli Hərəkat fəalları bu tarixi günü müxtəlif formalarda qeyd edir və şəhidlərin yolunun davam etdiriləcəyinə təkid edirlər.

Onlar Güney Azərbaycan şəhərlərində bildirişlər yayır, görüşlər keçirir, şəhidlərin məzarı üstə gedir, onların ailələrini ziyarət edir və divarlar üzərində milli şüarlar yazırlar.

Sosial şəbəkələrdə isə Milli Qiyamın ildönümünə həftələr qalmış həmin günlərdə canlarını fəda etmiş şəhidlərin şəkili yayılır və Milli Qiyamın təfərrüatı müzakirə edilir. Xaricdə yaşayan azərbaycanlılar, xüsusi ilə də Milli Hərəkat fəalları İran səfirlikləri qarşısında etiraz aksiyaları keçirir, müxtəlif tədbirlər düzənləyir və bu zəmində Bəyanatlar yayırlar.

2006-ci il may hadisələrindən sonra Azərbaycan Milli Hərəkatı yeni bir mərhələyə daxil olub, fars şovinizminə qarşı mübarizə davam edir.

İran rejiminin basqılarına baxmayaraq Güney Azərbaycanda milli kimlik və ana dili savaşı daha da genişlənir.

Qeyd edək ki, həmin etiraz aksiyaları zamanı yüzlərlə azərbaycanlı həbs edilib, bir neçə nəfər hökumət məmurları tərəfindənm güllələnərək öldürülüb.

Rəsmdövlət məlumatlarında 330 nəfərin həb edildiyi, 4 nəfərin həyatını itirdiyi iddia olunub.

Qeyri-rəsmi məlumatlarda isə həbs edilənlərin sayının minlərlə, öldürülənlərin isə 30 nəfər olduğu bildirilib, onlardan 14 nəfərinin kimliyi dəqiqləşdirilib.