“Bu görüş anti-Azərbaycan ritorikası ilə çıxış edən qüvvələrə aydın mesaj idi” Gündəm

“Bu görüş anti-Azərbaycan ritorikası ilə çıxış edən qüvvələrə aydın mesaj idi”

“Azərbaycan və Rusiya prezidentlərinin Düşənbə görüşü iki ölkə münasibətlərində yeni mərhələnin başlandığını göstərdi. Görüşün ümumi tonu və səslənən bəyanatlar göstərir ki, Bakı və Moskva arasında son aylarda yaranmış gərginlik artıq arxada qalıb və tərəflər münasibətləri konstruktiv əsasda tam normallaşdırmaq xəttini seçiblər”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.

Politoloqun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin AZAL təyyarəsi ilə bağlı açıqlamaları bu istiqamətdə mühüm dönüş nöqtəsi oldu: “Putin hadisə zamanı baş vermiş faciəyə görə üzr istədiyini xatırladıb və məsuliyyətin bölüşülməsi ilə bağlı yanaşmasını ifadə edib. Bu, həm hadisənin emosional fonunun yumşalmasına, həm də diplomatik səviyyədə qarşılıqlı etimadın bərpasına xidmət edən addım kimi qiymətləndirilə bilər. Ən əsası, Rusiya tərəfinin Azərbaycanın haqlı tələblərini qəbul etməsi – kompensasiya ödənilməsi və günahkarların cəzalandırılması barədə razılığın əldə olunması – iki ölkə arasında yaranmış böhranın tam həllinə imkan yaradıb. Prezident İlham Əliyevin bu prosesdə prinsipial və ardıcıl mövqeyi həlledici rol oynayıb”.

Z.Qarayeva əlavə edib ki, görüş həm də anti-Azərbaycan ritorikası ilə çıxış edən qüvvələrə – xüsusilə də Simonyan, Solovyov, Zatulin kimi şəxslərə – aydın mesaj idi: Azərbaycan-Rusiya münasibətləri üçüncü tərəflərin təxribatlarına rəğmən möhkəm və qarşılıqlı maraqlara əsaslanır: “Bu fakt Moskva-Bakı xəttinin yenidən strateji sabitlik və qarşılıqlı hörmət üzərində qurulduğunu göstərir. Ümumilikdə, Düşənbə görüşü göstərdi ki, tərəflər həm insidentin emosional yükünü aradan qaldıra, həm də gələcək əməkdaşlıq üçün siyasi etimadı bərpa edə biliblər. Bu, Azərbaycan və Rusiya münasibətlərinin tam normallaşmasının və qarşılıqlı maraqlara əsaslanan yeni dövrün başlanğıcı kimi dəyərləndirilə bilər”.

Röya İsrafilova